44
17:23
07 Aprel 2016

Ermənilər azərbaycanlı polisi güllələyib - VƏZİYYƏTİ AĞIRDIR

Təmas xəttində atəşkəs elan olunmasına baxmayaraq, düşmən yenə də təxribat əməllərindən əl çəkmir, ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv şəkildə atəşə tutur. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanmış və təcili olaraq DİN-in general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilib, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta ağırdır.

Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.

Nazir müavini təmas xəttində yerləşən kəndlərin, evlərin, mülki şəxslərin atəşə tutulmasının Ermənistanın təcavüzkar siyasətinin bariz nümunəsi olduğunu və düşmən tərəfin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozduğunu vurğulayıb. Qeyd olunub ki, əks hücumlar zamanı silahlı qüvvələrimizin qarşısında tab gətirməyən Ermənistan ordusunun dinc sakinləri atəşə tutaraq əhali arasında təşviş yaratmağa cəhd etməsi, “atəşkəs” elan olunmasına baxmayaraq, cəbhə boyu ərazilərdə davamlı təxribatlar törətməsi bunu deməyə əsas verir ki, işğalçılar mənfur niyyətlərindən əl çəkmək istəmirlər.

Bu gün Azərbaycan xalqının ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Qafqazın ən güclü ordusu kimi özünü təsdiq edən, dünya standartlarına cavab verən maddi-texnki təminatla tam təchiz edilən ordumuzun yaxın zamanda torpaqlarımızı azad edəcəyinə, dağılmış infrastrukturun bərpasına, qaçqın və məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qayıdacağına, azad olunmuş bölgələrdə Azərbaycan Polisinin asayişin keşiyində daha mətin dayanacağına inamını ifadə edən nazir müavini şəhidlərimizə rəhmət, düşmən gülləsinə tuş gələn yaralılara şəfa diləyib.