59
12:12
07 Aprel 2016

Millimiz FİFA reytinqdə 22 pillə gerilədi

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 209 komandası yer alıb.

Martda baş tutan seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı cədvəldə ciddi dəyişikliklər baş verib. Bu, Azərbaycan millisindən də yan ötməyib.

Belə ki, Antalyada baş tutan yoxlama oyununda Qazaxıstana 0:1 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələrinin nə az, nə çox – 22 pillə geriləyib. Ötən ay 112-ci olan yığmamız 134-cü pilləyə yuvarlanıb.

Bu mövqeni Svazilendlə bölən millimiz ən çox geriləyən 3 komanda sırasındadı. Aruba 24, KXDR 18 pillə aşağı düşdüyündən komandamız dünyanın 2-ci uğursuzudu.

Azərbaycan yığmasının xal hesabı 296-dan 269-a qədər azalıb. Millimiz bir məğlubiyyət üzündən 27 xal itirib. Bunun nəticəsində Qayana, Fələstin, Tanzaniya kimi ölkələr də bizi arxada qoyub.

Dünyanın 14-cü “onluğ”u

131 (117). Fələstin – 273

132 (132). Bəhreyn – 271

133 (156). Qatana - 270

134 (112).AZƏRBAYCAN – 269

134 (124). Svazilend - 269

136 (133). Namibiya – 267

137 (113). Aruba – 259

138 (130). Madaqaskar – 257

139 (128). Litva – 254

140 (144). Sent-Lusiya - 238

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər diqqət çəkir. Argentina Belçikanın liderliyinə son qoyub. Bu iki komanda yerlərini dəyişib. Almaniya, İspaniya, Braziliya, Portuqaliya və İngiltərə yığmaları da mövqelərini əldən verib. Cənubi amerikalılar – Çili, Kolumbiya və Uruqvay isə Argentina kimi irəliləyib.

İlk “onluq”

1 (2). Argentina – 1532

2 (1). Belçika – 1352

3 (5). Çili – 1348

4 (8). Kolumbiya – 1337

5 (4). Almaniya – 1309

6 (3). İspaniya - 1277

7 (6). Braziliya – 1251

8 (7). Portuqaliya – 1184

9 (11). Uruqvay - 1158

10 (9). İngiltərə - 1069

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya və San-Marinonun siyahıdakı mövqeləri daha da pisləşib. Şimali İrlandiya isə irəliləyiş sayəsində çexiyalıları keçib. Norveç isə ilk “50-liy”ə daxil olub.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

5 (4). Almaniya – 1309

26(28). Şimali İrlandiya - 825

29 (25). Çexiya - 810

49 (51). Norveç - 605

199 (200). San-Marino – 20

Martın 26-da millimizi məğlub edib, uçuruma yuvarlanmasına səbəb olan Qazaxıstan yığması 9 pillə irəliləyib, 116-cı yerə yüksəlib. Onların hesabında 300 xal var. Mayda keçiriləcək sınaq matçlarında üz-üzə gələcəyimiz Kanada 8 pillə geriləyib, 95-ci yerə enib – 357 xal.

Qeyd edək ki, qonşu Türkiyə yığması 983 xalla 13-cü yerdə qərarlaşıb. 7 pillə irəliləyən “ay-ulduzlular” son 6 il 10 ayda ən yaxşı nəticəsini göstərib.