64
16:14
02 Mart 2016

Xalça Muzeyinə yeni direktor təyin olundu

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub. Nazirlikdən Lent.az -a verilən məlumata görə, bu gün yeni direktor muzeyin kollektivinə təqdim edilib. Tədbirdə çıxış edən Ə. Qarayev ölkə mədəniyyətinin daha geniş şəkildə tanıdılması və təbliği üçün muzeylərin dünya standartları səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, ölkənin ən böyük muzeylərindən biri olan Xalça Muzeyi də Azərbyacan xalqının min illərdən bəri yaratdığı toxuculuq sənətinin qorunub inkişaf etdirilməsində önəmli yer tutur: “Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınıb. Azərbaycan xalçalarının dünyada tanıdılması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi əməyi var”. Nazir qeyd edib ki, bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert Muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var.

Qeyd edək ki, Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.

Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.