20
22:12
29 Fevral 2016

Bakıda mağaza və mənzillərə qənim kəsilən azərbaycanlı və gürcülər tutuldu

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib. APA -nın xəbərinə görə, nəticədə son iki ay ərzində Bakı şəhərində 10-a yaxın mağaza və mənzildən oğurluq edən Azərbaycan və Gürcüstan Respublikası vətəndaşlarından ibarət 5 nəfərlik mütəşəkkil dəstə zərərsizləşdirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əvvəllər məhkum olunmuş şəxslər – Gürcüstan vətəndaşları Archil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov və Azərbaycan vətəndaşı Hüseyn Ramazanov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşları təxminən iki ay əvvəl Hüseyn Ramazanovun dəvəti ilə Azərbaycan sərhədini qanunsuz yolla keçərək Bakı şəhərinə gəliblər. Onlar burada cinayətkar dəstə yaradaraq müxtəlif vaxtlarda paytaxtın bir-neçə rayonunda oğurluq cinayətləri törədiblər.

Qeyd edək ki, dəstə üzvlərindən ikisi - Archil Darsalia, Lekso Mosidze Gürcüstan Respublikasında ağır cinayətlər törətdiklərinə görə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışda olublar.

Saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmir. Odur ki, gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.