96
11:03
29 Fevral 2016

Moda ilahəsi Koko Şanel - DƏLİ DAHİLƏR

XX əsr Avropa qadınlarının davranış və geyimlərində inqilab edən məşhur fransız modelyer, dizayner, ətriyyatçı Koko Şanel 1883-cü ildə (Qabriel Boner Şanel) Fransanın Somür şəhərində anadan olub. Koko Şanel 12 yaşında olarkən anası dünyasını dəyişir. Kiçik yarmarkada alverlə məşğul olan ata ailənin dolanışığını təkbaşına çatdıra bilmədiyinə görə uşaqları qohumlarının himayəsinə verməli olur.

Az sonra qohumları və atası məsləhətləşərək Kokonu kilsənin himayəsinə verirlər. Ciddi kilsə rejimi həyatı başlayan qızcığaza rahibələr mahnı oxumağı, tikiş tikməyi və parça üzərində naxış toxumağı öyrədirlər.

Qabriel 18 yaşına çatdıqdan sonra rahibələr onu Mulen şəhərində paltar tikib satmaqla məşğul olan mağazada işə düzəldirlər. Gündüzlər uşaqlar və böyüklər üçün gözəl paltarlar tikən Qabriel axşamlar boş vaxtlarında kabaredə mahnı oxuyur. Tikdiyi paltarların özəlliyinə görə alıcıların rəğbətini qazanan xanım Qabrielin kafedə də heyranları peyda olmağa başlayır. Kabaredə tez-tez ifa elədiyi sevimli “Ko Ko Ri Ko” və “Qui qua vu Coco” mahnılarına görə onu “Koko” deyə çağırırlar.

Kasıbçılıqla keçən uşaqlıq zədələrini və ağır həyatını özünə unutdurmağa çaışan Koko həmişə şən və dinamik görünür, qeyri-adi geyimi və hərəkətləri ilə kişiləri özünə cəlb edə bilirdi.

Bir gün heyranlarından olan zəngin fransız zabiti Eten Balzan Koko ilə yaxından tanış olur və onu Parisdə birgə yaşamağa dəvət edir. Zabitin təklifinə razılıq verən Koko bir müddət onun malikanəsində yaşamalı olur. O, darıxdırıcı malikanə həyatına və Balzanın Emillen adlı sevgilisinin qısqanclıqlarına görə üç ildən sonra oranı tərk edəsi olur.

Koko Şanel tezliklə Artur Keypell adlı ingilis əsilli gənc sənayeçi ilə tanış olur. Arturun maddi durumu ürəkaçan olmasa da, ona şlyapa mağazası açmağı məsləhət görür və hər cür dəstək olmağı söz verir. Gənc ingilisə meyllənməyi ilə Balzanı qısqandırmağa çalışan Koko bu zəngin zabitin Parisdəki evində şlyapa mağazası açmağa nail olur. Satışa maraqlı qadın şlyapaları çıxaran mağaza tezliklə Parisdə məşhurlaşır. Ekstravaqant şlyapalar əldə etmək üçün ən məşhur fransız aktrisaları da Koko Şanelin mağazasına sifariş verirlər. Çoxlu pul əldə edən Koko anlayır ki, bir tək şlyapa sənayesi onun kükrəyən istedadını əhatə edə bilməz. O, yeni dəb qadın paltarı ideyalarını reallaşdırmaq qərarına gəlir.

Artur Keypellə sevgi həyatı yaşayan Koko Şanel özünün “Şanel modaları” adlı mağazasını aça bilir. Bununla da o, qadın paltarlarında əsirlərlə sürən durğunluğu dağıtmaq, onlara yeni əsrin ritmini, formasını vermək imkanı qazanır. Şlyapalarda yüngülcə elədiyi kişi aksentlərini paltarlarda daha cəsarətlə tətbiq etməyə başlayır. Bütün bu arzularını həyata keçirməkdə ona Artur hər zaman dəstək olur.

Koko Şanel sərt islahatlara başlayaraq nazlı-qırçınlı qadın paltarlarını bir qayda olaraq dövriyyədən çıxarır. Kişi paltarları üçün işlədilən parçalardan qıvraq qadın paltarları yaradır.

Yeni əsirdə qadından tələb olunan çeviklik köhnəliyin əl-ayağa dolaşan ətəklərini ixtisar etməyi qəlbi ona diqtə edirdi. Şanel öz qadın intuisiyası ilə bütün bunları duyur və özünün moda inqilabına başlayır. O, ingilis kişi paltarının üzərində balaca əl gəzdirərək onu ultraqadın paltarına çevirə bilirdi. Moda filosofu çoxlu sayda risklərə əl atır, çimərlik, yataq geyimlərini sadələşdirir, boyunsuz yüngül jaketlər, qıvraq köynəklər, gödək kişi qalstukları icad edərək qadınları yersiz yüklərdən azad edirdi. Koko Şanel qayçısının yaratdığı bütün yeniliklər Paris qadınlarının ürəyindən xəbər verir, mağazada müştərilər günü-gündən aşıb-daşırdı.

Koko Şanelin tərtib elədiyi hər bir geyim dərhal dəbə minir, qadınları yeni, ümidli və məğlubedilməz göstərirdi.

Moda ilahəsi təkcə paltarlarin deyil, ayaqqabı, çanta və müxtəlif aksessuarlarda da inqilab eləməyi qərara alır. Üstəlik, fransız qadınlarını uzun saçlardan xilas etmək üçün ilk dəfə özü saçlarını “oğlansayağı” qırxdıraraq küçəyə çıxır. Soruşanlara əvvəlcə yalandan: “mətbəx qazı partlayıb saçlarımı yandırdı, məcbur olub qırxdırdım” deyir. Sonradan bunun yeni saç düzümü olduğunu ətrafındakı xanımlara deyir və beləliklə, 1917-ci ildən qısa saç düzümü də qadınlar arasında dəbə minir.

Koko Şanel qadınların özləri ilə gəzdirdiyi ipək bağlı torbaları sərt künclü müasir qadın çantaları ilə əvəz etmişdi. Daha sonra o, ağır bəzək aksessuarlarını yüngülləşdirmiş, qadın gözəlliyini qabartmağa yardımçı olan dik dabanlı ayaqqabılar işləyib hazırlamışdı.

Bütün Fransanın görkəmini, ritmini dəyişən dahi moda ustasına 1919-cu ildə qəfil ağır itki üz verir. Sevimli həyat yoldaşı Artur Keypell maşın qəzasında dünyasını dəyişir. “Həyatım məhv oldu, sevdiyim insanı itirdim, artıq məni heç nə maraqlandırmır” desə də, tədricən özünə gələn novator modelyer sakit dura bilmir, qaynamağında davam edir.

Qabriel Şanel bu dəfə dövriyyəyə qısa qara donlar buraxaraq bu moda ilə bütün Fransa xanımlarını onunla birgə yas saxlamağa məcbur edir. Bununla da o, qadın paltarlarının arasına qara rəngi daxil edən ilk adam olur.

Şanel 1920-ci ilin əvvəllərində Rusiyalı kimyaçı-parfümer Ernest Vo ilə tanış olur. Sevgi yaralarına məlhəm olan kimyagər bir il müddətində Kokonun məsləhətləri altında eksperimentlər apararaq yeni ətir növü əldə edir. Ernest kəşf elədiyi ətri sevgilisinin şəninə “Şanel N:5” adlandırır. Tərkibində səksənə yaxın komponent olduğuna görə bu ətir klassikadan fərqli olaraq bir gülün yox, çoxlu güllərin ətrini verir. Dünyada ən çox satılan “Şanel N:5” haqda Koko belə deyib: “Bu, bir gülün yox, bütün bağçanın ətridi”. Paris xanımları “Şanel N:5”i “qadın qoxusu verən ətir” də adlandırırlar.
Bir dəfə jurnalistlər Merlin Monrodan yatağa girərkən hansı ətirdən istifadə etdiyini soruşurlar. Məşhur aktrisa: “Mənə bütün gecəni xoş keçirmək üçün “Şanel N:5”-in iki damcısı bəs edir”- deyə cavab verir. Yüzilliyin gözəli sayılan Monronun bu sözlərindən sonra Şanel ətirləri bir neçə gündə milyonlarla satılır.

Koko Şanel böyük knyaz Dimitriy Romanova vurulur, lakin tezliklə bildirir ki, onun ürəyini ovlayan yeganə adam Vestminster hersoqudu. Kral ailəsinə mənsub olab bu adam Böyük Britaniyanın ən varlı zadəganlarından idi. Koko Şanel sevimli hersoqu ilə on dörd ilə yaxın eşq macərası yaşasa da, onun evlənmək təklifini geri itələyir.

İkinci Dünya Müharibəsinin başlaması ilə əlaqədar Şanel 1939-cu ildə bütün mağazalarını bağlamalı olur. 1940-cı ildə isə onun Andre Palase adlı qohumu almanlara əsir düşür. Məşhur moda ilahəsi qohumunu xilas etmək üçün alman səfirliyində atteşe vəzifəsində çalışan uzaq tanışı Hans Günterə müraciət edir. Qohumu Andrenin azadlığına nail olduqdan sonra Şanel Hansla sevgi macərasına başlayır.

Müharibənin sonları, 1944-cü ildə Fransa höküməti Qabriel Şaneli almanlara cəsusluqda günahlandıraraq həbs edir. Bir gün sonra Çörçillin müdaxiləsi ilə azadlığa buraxılan Şanelə ölkəni tərk etmək tələbi irəli sürülür. Fransanı tərk edən Koko Şanel İsveçrəyə yollanır.

1954-cü ildə öz ölkəsinə qayıdan 71 yaşlı məşhur moda kraliçası üç mövsüm davam edən uğursuz cəhddən sonra keçmiş şöhrətini bərpa edir. Bu dəfə Kokonun yanına ən zəngin qadınlar gəlir. Onun müştəriləri sırasında Hollivudun məşhur aktrisalarını və Avropanın ən kübar qadınlarını görmək olardı.

XX əsrin ən güclü qadınlarından sayılan Koko Şanel 10 yanvar 1971-ci ildə 87 yaşında Parisdə vəfat edir. Vəsiyyətinə görə onu ikinci vətəni saydığı İsveçrədə dəfn edirlər. Haqqında çoxlu çoxlu sayda bədii və sənədli filmlər çəkilib.

Psixoloqlar uğursuzluqdan əziyyət çəkən, ruh düşkünlüyü yaşayan qadınlara bu gün də Şanelin həyatını örnək göstərir, onun aforizmlərini misal çəkirlər.

Koko Şanelin aforizmlərindən:

*Gözəlliyinizin qayğısına qalmaq istəyirsinizsə qəlbinizdən başlayın, yoxsa heç bir kosmetika sizi xilas edə bilməyəcək.

*İlkin təəsürat üçün ikinci şans verilmir.

*Əvəzedilməz olmaq üçün hər zaman yenilənmək lazımdı.

*Ətir - qadının gəlişindən xəbər verir, getdikdən sonra da onu uzun müddət xatırladır.

*Paradoks: kişi nə qədər sarsaq və uğursuzdusa qadınları bir o qədər çox günahlandırar.

*Yaşlılıq sevgiyə əngəl olmur, lakin sevgi yaşlanmağa mane olur.

*Sizi öz gözəlliyi ilə heyran edən qadının paltarını xatırlamırsınızsa, demək, o ideal geyinibmiş.

*Qanadsız doğulmusansa onların əmələ gəlməsinə mane də olma.

*Hara fırlatsan da kişinin həyatında yalnız bir qadın olur, qalanlar onun kölgəsidi.

*Qadını ən çox dəbdəbəli libas qoca göstərir.
*Mənim haqqımda düşündüklərinizə tüpürürəm, sizin haqqınızda isə ümumiyyətlə, düşünmürəm.

*Bir var pullu adam, bir var zəngin adam.

*Əlləri qadının vizit kartı, boynu onun pasportu, sinəsi isə xarici pasportudu.

*Bəzənməyən qadınlar özü haqda çox yüksək fikirdə olanlardı.

*Mən artıq səni yola salmaqdan yoruldum. Bu gün səninlə gedəcəm.

*Kişilər nə geyinir geyinsin, qadının aksessuarı olaraq qalırlar.

*Mən həmişə modanın küçəyə çıxmasını arzulamışam, küçədən gəlməsini heç istəməmişəm.