24
11:00
28 Fevral 2016

Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynov Süleyman oğlunun doğum günüdür. Lent.az -ın məlumatına görə, E.Hüseynov 1952-ci il fevralın 28-də Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968- 1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisasına yiyələnib. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə işləyib. Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadilələrlə bağlı 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünü müdafiə qərərgahının rəisi təyin olunub. 1991-ci il noyabrın 12-də Müdafiə Nazirinin müvafiq əmri ilə təşkilatçılığı ilə yaradılan Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. Sonralar Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirakı, Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilir. Döyüşlərdə iki dəfə yaralanıb.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə “Respublikamızın ərzi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidlik və şəxsi şücaətə, öz müqəddəs və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə” mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülüb.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda və Bakı şəhəri Xəzər rayonunda küçə əbədiləşdirilib. Tərtər şəhərində qəhrəmanın büstü ucaldılıb. Evli idi, üç övladı var.