64
14:13
26 Fevral 2016

Xocalıda əsir düşmüş Mehriban Bəkirova: “Üç günlük körpə qızımı öldürdülər”

Hər il olduğu kimi, bu il də Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini on minlərlə azərbaycanlı ziyarət edib.

APA TV-nin xəbərinə görə, abidəni ziyarət edənlər arasında 24 il öncə əsir düşmüş Xocalı sakinləri də olub.


Xocalı sakini Valeh Hüseynov həmin günləri belə xatırlayır: "Mənim gözümün qarşısında olub bütün bu hadisələr. Hamilə qadınların qarnını deşib uşağını çıxarırdılar. Mənim şəxsən barmaqlarımı qırıb, dırnaqlarımı çıxarırdılar. Orada cavanları bir-bir tutub güllələyirdilər, işgəncə verirdilər. Mənə də işgəncə verirdilər. Elə bilirdilər ölmüşəm, amma bu gün yaşayıram".

Xocalı sakini Mehriban Bəkirova da 10 gün erməni əsirliyində olub. Faciədən 24 il keçməsinə baxmayaraq, yaralarının hələ də qaysaq bağlamadığını deyir: "Həmişə yadımızdadır. Bu hadisəni necə yaddan çıxara bilərik? Bu da rəhmətə gedən qızımdır. 3 günlük körpə idi. 10 gün əsirlikdə qalmışam".

Xocalı özünümüdafiə batalyonunun keçmiş döyüşçüsü Əbülfət Kərimov əsir düşdüyü anı belə xatırlayır: "Biz Dəhraz kəndinin yaxınlığında mühasirəyə düşdük, mühasirədən çıxanda ermənilər məni əsir tutdular. İki aya yaxın bir müddətdə Xankəndi Şəhər Polis Şöbəsinin türməsində əsir qaldım. Əsirlikdə olduğum müddətdə - onu dillə demək mümkün deyil - barmaqlarımı qoyub qapının ağzında qırıq-qırıq ediblər. Qabırğamı dəyənəklə, təpiklə vurub sındırıblar, ac susuz saxlayıblar".

Xocalı sakini Qənirə Əbilova isə 24 il əvvəl oğlunu itirib: "Oğlum Məzahir Xocalıda işləyərkən kəşfiyyatlara getmiş, mükafatlar almış igid bir oğlan idi. Xocalıda olarkən, həmin gecə qarlı-yağışlı, qiyamətli günlərdə Məzahir öz yoldaşları ilə birlikdə - Xocalı ilə Ağdam arasında Qarqar çayı var - oradan neçə dəfə qocanı, uşağı, böyüyü keçirmiş, sonra da geri qayıdanda demişdilər ki, əgər erməni üstümüzə düşərsə, biz axırıncı gülləni özümüzə vurmalıyıq. O yerə çatıb ki, tanklar üstlərinə düşüb, yoldaşları hərəsi bir tərəfə qaçıb. Məzahir də onlarla bərabər şəhid oldu, üstümüzə gəldi. Amma taledir, bilmədik necə oldu. Allah ölənlərə rəhmət eləsin, qalanlara da cansağlığı versin".

Qeyd edək ki, Xocalı faciəsində 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.