46
11:42
24 Fevral 2016

Ötən il banklar əhaliyə 8,8 mlrd. dollar satıb - Mərkəzi Bank

2015-ci il ərzində xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində Mərkəzi Bank idarə olunan üzən məzənnə rejiminə keçidi təmin edib. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.

Sənəddə qeyd olunub ki, 2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilib: “Xarici valyuta təklifinin azalması ilk növbədə neftin dünya qiymətinin aşağı düşməsi və tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı xarici valyuta gəlirlərinin aşağı düşməsi ilə izah olunur. Tədiyyə balansı profisitinin aşağı düşməsi şəraitində dövlət xərclərinin əsas mənbəyi olan neft gəlirləri üzrə transfertlərin əhəmiyyətli azaldılması müşahidə olunub. Xarici valyutaya tələbin kəskin artması isə əsasən dollarlaşmanın yüksəlməsi ilə izah olunur. Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirib və dollarlaşmanın yüksəlməsinə səbəb olub. Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib”.

Belə ki, il ərzində banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilə nəzərən 47,4% artaraq 8,8 mlrd. ABŞ dolları təşkil edib. 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, avronun isə 29%-i ilin I rübündə satılıb.

“Valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixində ABŞ dollarının manata qarşı məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsi haqqında qərar verib. Eyni zamanda, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb. Fevral devalvasiyası və yeni əməliyyat mexanizminə keçiddən sonra valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmağa başlamışdı. Cari ilin may-iyul aylarında Mərkəzi Bank müəyyən həcmdə valyuta alışları da həyata keçirmişdi. Lakin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarında təzyiqi yenidən artırıb manatın məzənnəsinin dəyişməsi gözləntilərini yüksəldib. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyaların milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsirləri güclənib. 2014-cü ilin əvvəlindən etibarən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi tempi 100%-i ötüb. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib. Bunu nəzərə alaraq 21 dekabr 2015-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilib. Bu qərar manatın məzənnəsinin valyuta bazarındakı konyunktura uyğun yeni səviyyədə formalaşmasını şərtləndirib. Qeyd edək ki, yeni məzənnə rejiminə keçidlə əməliyyat çərçivəsi olaraq ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti mexanizminin tətbiqinə son qoyulub. Yeni rejimin tətbiqindən sonra Mərkəzi Bankın valyuta bazarına müdaxilələri əhəmiyyətli azalıb”, - deyə məlumatda vurğulanıb.

Ümumilikdə, 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları 8,4 mlrd. ABŞ dolları təşkil edib.

2015-ci ilin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 5 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın xarici valyuta ehtiyatları manatla geniş pul kütləsinin (M2) 90,3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub. 2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılıb.