43
19:55
23 Fevral 2016

Deputat: "Həkimlər istədiyi kimi müalicə yaza bilməyəcək”

“Bu ilin sonunda artıq Azərbaycanda icbari tibbi sığorta pilot layihə şəklində tətbiq olunacaq”...

Bunu APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Dünya təcrübəsində tibbi sığorta modellərinin fərqli olduğunu deyən Musa Quliyev Azərbaycanda da buna keçidin vacib olmasından danışıb: “Bütün dünyada ən optimal, ən geniş yayılan səhiyyənin maliyyələşdirilməsi metodu icbari tibbi sığorta metodudur. Azərbaycanda 1999-cu ildə icbari tibbi sığorta haqqında qanun qəbul olunub və bu qanuna görə də Azərbaycanda özəl qaydada icbari tibbi sığorta aparılır. Bütövlükdə əhalinin kütləvi şəkildə icbari sığortaya cəlb olunması uzun müddət ləngidi və bunun da obyektiv və subyektiv səbəbləri vardı. Əvvəla, səhiyyənin maddi-texniki bazası icbari tibbi sığortaya uyğunlaşdırılmalı idi. Son illər səhiyyənin maddi texniki bazası möhkəmləndirildi, regionlarda müasir diaqnostika mərkəzləri tikildi, regionlarda müasir tələblərə cavab verən, bütün tibbi müayinə və müalicələri apara bilən səhiyyə müəssisələri yaradıldı. Son 10-12 ildə Azərbaycanda 600 dən çox yeni səhiyyə müəssisəsi tikilib və təmir olunub, avadanlıqlarla təchiz olunub. Digər məsələ yeni üsulla müayinə və müalicə apara bilən peşəkar kadrların olması idi. Artıq Türkiyədə, Almaniyada tibb üzrə fəlsəfə doktoru səviyyəsində kifayət qədər qabaqcıl, müasir səviyyəli və dünyanın hər yerində müayinə, müalicə apara bilən kadrlarımız var”.

Qonaq icbari tibbi sığortanın səhiyyənin inkişafı üçün də əhəmiyyətli olduğunu deyib: “Hazırda səhiyyəmiz sovet maliyyələşmə modeli üzərində davam edir və yuxarıdan aşağıya maliyyələşir. Yəni dövlət büdcəsindən və Maliyyə Nazirliyi tərəfindən vəsait Səhiyyə Nazirliyinə ayrılır və nazirlik də ayrı-ayrı istiqamət üzrə bunu paylayır. İcbari tibbi sığortada isə bu, tərsinədir, aşağıdan maliyyələşmə baş verir və hansı həkim, klinika yaxşı işləyəcəksə, vəsait birinci ona çatacaq. Dövlət uşaqların, əlillərin, işsizlərin və dövlət büdcəsi hesabına maliyyələşən təşkilatlarda işləyənlərin icbari tibbi sığortasını təmin edəcək. Özəl şirkətdə işləyən vətəndaşların tibbi sığortası həmin şirkətlər tərəfindən maliyyələşəcək. Artıq bu iş son nöqtəyə çatıb. Bununla bağlı sərəncamlar qəbul olundu. İndi Nazirlər Kabinetinin nəzdində işçi qrupu var. Bu işçi qrupu da bir neçə ölkələrin təcrübəsini öyrənir və bu ilin sonunda artıq Azərbaycanda icbari tibbi sığorta pilot layihə şəklində tətbiq olunacaq. Gələn də bütün ölkədə icbari tibbi sığorta olacaq”.

Qonaq bəzi ölkələrdə tibbi sığortanın özünü doğrultmamasının səbəblərindən danışıb: “MDB ölkələrinin çoxunda bu proqramı 5-10 il bizdən qabaq tətbiq edilsə də, onlarda bu üsul işləmədi, cəmiyyətin də tibbi sığortaya inamı öldü. Burda dediyimiz faktorlarla yanaşı, əmək bazarının formalaşması, əmək haqlarının leqallaşması, işçilərin qeydiyyata alınması çox vacib idi. Burada hansı modelin seçilməsindən çox şey asılıdır və düşünürəm ki Azərbaycanda da daha uyğun variant seçiləcək. Əhali və sığorta ödəyiciləri, böyük şirkətlər sifarişi verməlidir, çünki sifariş yuxarıdan gəlsə, yenə də həmin sovet sisteminin bir başqa dəyişilmiş formasını görəcəyik. Bu, həm də özəl və dövlət klinikaları arasında rəqabət də yaradacaq”.

Millət vəkilinin sözlərinə görə, tibbi sığorta sayəsində səhiyyə təşkilatlarının işi tam şəffaflaşacaq: “Konkret nəzarət yoxdursa, orada korrupsiya ilə mübarizə aparmaq da çətin olur. Burada artıq iki-üç qat nəzarət olacaq. Vətəndaş özü nəzarət edəcək, çünki onun maaşından sığorta haqları tutulur. Sığorta edən təşkilat da əlavə müayinələrin, lazım olmayan əməliyyatların aparılmasına maraqlı deyil. Klinika rəhbərliyi də daha yaxşı, şəffaf işləməyə çalışacaq ki, növbəti müqavilələr də onunla bağlansın. Özünü maliyyələşdirməyin ən doğru yolu yaxşı, keyfiyyətli işləməkdir. İcbari tibbi sığortanın işləməsinə vacib şərtlərdən biri beynəlxalq standartlara cavab verən klinik protokolların olmasıdır. Bu protokolda həkim istədiyi şəkildə müalicə yaza bilməz, hər bir xəstəliyin standart aparılma yolları var, orda heç bir kənara çıxma olmur və daha mükəmməl müalicə aparmaq mümkündür”.

Musa Quliyev özəl tibb müəssisələrində müalicə və müayinə qiymətlərinin olduqca baha olmasına da toxunub: “Özəl klinikalarda qiymətlər kifayət qədər bahadır, dövlət klinikalarında ya həmin əməliyyatı aparmaq üçün şərait yoxdur, ya da növbə var. Ən yaxşı mütəxəssislər özəl klinikalara gedirlər, çünki orda əmək haqqı kifayət qədər yüksəkdir. İcbari sığorta tətbiq olunanda isə bu balans tamamilə düzələcək, xidmətin də maliyyə dəyəri aşağı düşəcəkdir. Amma təbii ki icbari tibbi sığorta bütün problemləri həll eləmir. Sözsüz ki, yenə problemlər ortaya çıxacaq. Dünyanın bəzi ölkələrində müayinəyə gedən şəxs bütövlükdə müayinə xərclərinin 20 faizini əvvəlcədən ödəyir. Bizdə də bu tətbiq oluna bilər. Ola bilər ki, icbari tibbi sığorta paketi ilk vaxtlarda müalicənin bütün həcmini əhatə etməsin, əlavə xərclərin mənbələri tapılmalıdır”.

Millət vəkili təxirəsalınmaz və təcili yardım xərclərinin və bəzi xəstəliklərin müalicəsinin əvvəlki kimi dövlət tərəfindən maliyyələşəcəyini deyib: “Azərbaycanda sosial əhəmiyyət kəsb edən 10 xəstəlik - qan, şəkər, xərçəng, vərəm və. s kimi xəstəliklərin müalicəsi dövlət tərəfindən maliyyələşir, müayinə və dərmanları dövlət tərəfindən pulsuz verilir. Heç şübhəsiz ki onlar da icbari sığortaya daxil olmayacaq, çünki dövlət onu ayrıca nəzarətdə saxlamalıdır”.

Musa Quliyev dərmanların qiymət artımının qarşısını almaq üçün təkliflər verildiyini deyib: “Milli Məclisdə Azərbaycanda dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi üçün qanun qəbul olundu. Artıq dövriyyədə olan dərmanların 70 faizdən çoxunun qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və bundan sonra Azərbaycanda dərmanların qiyməti 2,5-3 faiz aşağı düşdü. Lakin dekabrda baş verən devalvasiyaya görə dərmanların qiyməti yenidən bahalandı. Bununla bağlı dərman vasitələrinin ƏDV-dən azad olunması və ya ƏDV-nin minimuma endirilməsi təklif olunub. Dərmanlara ƏDV geniş dərman istehsalı olan ölkələrdə tətbiq olunur. Azərbaycanda isə istehlak olunan dərmanların 90-95 faizi xaricdən gətirilmədir. Daxili bazar yoxdursa, ƏDV tətbiqinin bazarı qorumağa heç bir əhəmiyyəti qalmır. Digər tərəfdən, dövlətin öz büdcəsini xəstə vətəndaşın hesabına doldurması doğru deyil. ƏDV aşağı salınarsa, və ya tamamilə ləğv olunarsa, dərmanların qiyməti də aşağı düşəcək. İcbari tibbi sığorta ilə dərman probleminin də xeyli hissəsi həll olunacaq, icbari tibbi sığorta paketində zəruri xəstəliklərin dərmanlarının da qiyməti də daxildir. Dərman qiymətlərini aşağı salan digər məsələ isə ölkədə dərman istehsalının həyata keçirilməsidir. Artıq bununla bağlı danışıqlar da aparılır, yaxın zamanda biz Azərbaycanda dərman istehsal edən zavodların qurulacaq. Dərmanın xammalı onun özündən dəfələrlə ucuzdur, əgər onu özümüz istehsal edəriksə, dərmanın maya dəyəri aşağı düşəcəkdir. Azərbaycan dərman bitkiləri ilə zəngin ölkələrdən biridir. Bitki tərkibli dərmanlar kimyəvi tərkibli dərmanlardan üstün sayılır. Həm də bu zaman vətəndaşlarımızın məşğulluğu təmin olunar”.

Qonaq ictimaiyyəti narahat edən məsələlərdən olan intiharların qarşısını almağın yollarında da danışıb: “İntihar bütün inkişaf etmiş dünyanın problemidir. İntihar həyat tempinin sürətlənməsi və insanın psixikasının bu tempə uyğunlaşa bilməməsidir. İntihardan əvvəl mütləq depressiya olur. Bu hadisə həmişə cəmiyyət tərəfindən ciddi reaksiya ilə qarşılanır. İslam dini intiharı günah hesab edir. İntiharın qabağını almaq çətindir, amma bu halların qarşısını almaq üçün tədbirlər görülməsi vacibdir. Bunlardan ən mühümü vaxtında psixoloji yardımın alınmasıdır. Bu iş yerində və ya məktəbdə göstərilə bilər. Hazırda Milli Məclisin Səhiyyə komitəsi psixoloji yardım haqqında qanun layihəsi üzərində işləyir. Bu qanunun qəbulu bir çox psixoloji problemlərin, o cümlədən intiharların qarşısının alınmasına gətirib çıxaracaq”.