38
14:49
22 Fevral 2016

İkiqat Azərbaycan çempionunun qətli ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Gəncədə törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az -a daxil olan məlumatda bildirilir ki, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstü “İsti izlər”lə açılıb.

Belə ki, fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil verib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

****

14:26

Kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun ölümü ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Lent.az -ın AzVision.az-a istinadən məlumatına görə, mərhumun atası Elqədər Cəlilov oğlunun kriminal aləmlə əlaqəsinin olmadığını deyib.

Onun sözlərinə görə, Elmir Cəlilovun Gəncədə heç kimlə problemi olmayıb, qətlin səbəbləri onlara da məlum deyil: “Oğlumun hansı səbəbdən qətlə yetirilməsi ilə bağlı heç nə bilmirik. Elmir heç vaxt dava, münaqişə sevən insan olmayıb. Bütün Gəncə onun ölümünə ağlayır. Övlad itkisi böyük dərddir. Onu tanıyanların hamısı Elmirin ağıllı, düzgün oğlan olduğunu deyirlər. Oğlum idmançı olsa da, davakar deyildi”.

E.Cəlilov oğlunu güllələyən şəhər sakini Anar Tağıyevi tanımadığını deyib.

Qətlə yetirilən çempionun dostu Anar Məmmədov isə hadisənin pul üstündə baş verdiyini bildirib. Onun sözlərinə görə, Anar Tağıyev Elmir Cəlilovu borca görə öldürüb.

“Elmiri qətlə yetirən Anar Tağıyevin atası, qohumlarının əksəriyyəti həbsdədir. Onları Gəncə şəhərində cinayətkar kimi tanıyırlar. Anar Elmiri borca görə öldürüb. Elmir xalası oğlu ilə birlikdə Anara maşın satmışdı. Anar maşının pulunu vermədiyinindən aralarında mübahisə düşüb. Münaqişə də məhz bu səbəbdən olub. Pulu ödəməkdən boyun qaçıran Anar Elmiri görüşə çağıraraq güllələyib”.

Mərhumun qardaşı Ceyhun Cəlilov hadisə günü Elmirlə bir yerdə olduğunu deyib: “Qardaşımla birilikdə salonda bərbər işləyirdik. Həmin gün mən işdən bir az tez çıxdım. Elmir işdən çıxandan sonra evə gedəcəyini dedi. Birdən dostlarım zəng edib dedilər ki, tez xəstəxanaya gəl. Xəstəxanada qardaşımın meyitini gördüm. Hadisə şahidlərinin sözlərinə görə, Elmir küçədə olanda maşın ona yaxınlaşıb və atəş açılıb”.

Xatırladaq ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.

Fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

21.02.2016 17:26

Fevralın 20-də Gəncədə odlu silahla qətl törədən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

xxxx

13:24

Fevralın 21-nə keçən gecə Gəncədə "Kəpəz" otelinin qarşısında avtomobildə güllələnərək qətlə yetirilən 32 yaşlı Elmir Cəlilovun peşəkar idmançı olması məlum olub. Lent.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkə vasitəsi ilə ikiqat Azərbaycan çempionu E.Cəlilovun vəfatı ilə bağlı mesaj yayıb. O, idmançının ölümünü böyük itki adlandırıb və ailəsinə başsağlığı verib.

E.Cəlilov ailəli, 2 uşaq atası olub.

Qeyd edək ki, qətli törədən şəxs və ya şəxslər hələlik tutulmayıb. Qətlin hansı səbəbdən, hansı şəraitdə törədilməsi də məlum deyil.

Araşdırmalar davam etdirilir.

xxxxx

02:34

Qətl hadisəsi Gəncənin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında törədilib.

Sözü gedən ərazidə yerə avtomobil şüşəsinin qırıqları tökülüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi yerdə araşdırmalar aparırlar.

****

00.44

Gəncədə qətlə yetirilən şəxsin kimliyi məlum olub. Məlumata görə odlu silahla qətlə yetirilən Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovdur. Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

*****

00.26

Gəncədə qətl törədilib. APA -nın verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.