90
12:37
21 Fevral 2016

"Azərsun"un güllələnən əməkdaşının kimliyi açıqlandı - YENİLƏNİB

Dünən Saatlı rayonunda "Azərsun" şirkətinin basqına məruz qalmış əməkdaşının kimliyi məlum olub. Lent.az xəbər verir ki, İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevin virtualaz.org-a verdiyi məlumata görə, həmin şəxs İmişli rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Ramil Aydın oğludur.

Baş həkimin sözlərinə görə, yaralının üzərində ilkin cərahiyyə əməliyyatı aparılıb. O, çiyin və bazu nahiyəsindən güllə yaraları alıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını təqib etməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, arxadan təqib etdikləri maşına ov tüfəngindən atəş açıblar. Nəticədə VAZ-2107-nin arxa şüşəsi qırılıb və güllələrdən bir neçəsi sürücü Ramil Quliyevə dəyib.

xxxxx

00:09

Ötən gün günorta saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində Saatlı rayonundakı mağazalardan satış pulunu götürərək geri qayıdan «Azərsun» şirkətinin İmişlidəki ofisinin əməkdaşının idarə etdiyi VAZ-2107 markalı avtomaşına silahlı basqın edilib.

Virtualaz.org saytının bölgə müxbiri xəbər verir ki, şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını izləməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, yanaşı sürərərk sürücü-ekspeditora tüfəngdən atəş açıblar.

Virtualaz.org xəbər verir ki, sürücü yaralansa da, avtomaşını dayandırmadığından niyyətlərini həyata keçirə bilməyən cinayətkarlar ələ keçməkdən qorxaraq hadisə yerindən uzaqlaşıblar.

Hal-hazırda Saatlı və ətraf rayonların polisi basqınçıların istifadə etdikləri VAZ-2107 avtomobilinin və cinayəti törədənlərin axtarışlarına başlayıblar.

Xəsarət almış «Azərsun» şirkətinin əməkdaşı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Virtualaz.org-un məlumatına görə, hadisə zamanı şirkət işçisi maşında tək olub.