79
11:20
20 Fevral 2016

Dodaq boyası, "ölüm öpüşü" və ... - ARAŞDIRMA

Gündəlik həyatda əksər qadınlar makiyajdan, makiyajı gerçəkləşdirmək üçün kosmetik vasitələrdən istifadə edirlər. Hər bir xanımın makiyajının son tamamlanma nöqtəsi düzgün seçilmiş dodaq boyasıdır. Bu, qadınların ən sevimli və ən çox istifadə etdiyi makiyaj aksessuardır.

Dodaq boyası dodağı daha həcmli edir və üz cizgilərini daha füsunkar göstərir. Baxımlı xanımlar bu boyadan getdikləri yerə, geyinəcəkləri geyimə uyğun olaraq rəng tonları seçərək istifadə edirlər.

Dodaq boyası adətən dilimizdə "pomada" sözü ilə əvəzlənir. Latın dilində "pomum" - alma deməkdir. Bu boya dodağı boyayan və qoruyan kosmetik vasitədir.

Dodaq boyasının əsas komponentləri rəngləndirici məhlul, ətirdir. Tərkibi mum və yağdan ibarət olur.

Mum dodaq boyasına forma vermək üçün istifadə edilir. Onun qalıcı və yumşaq olmasını təmin edir. Əvvəllər bu boyanın hazırlanmasında arı şanından istifadə olunurdu, amma o, digər bal məhsulları kimi çox güclü allergen tərkibli olduğundan, bu prosesi dayandırdılar. İndiki dövrdə keyfiyyətli dodaq boyasını təbii və keyfiyyətli mumdan hazırlayırlar.

Boyanın hazırlanmasında əsas istifadə olunan yağ bobrik yağıdır. Onun əsas funksiyası turşuluğun qarşısını almaqdır. Həmçinin xüsusi boyalar var ki, onların hazırlanmasında kokos və şi yağından istifadə olunur.

Əvvəllər dodaq boyalarına rəng qatmaq üçün karmin istifadə edilirdi. Onun rəngi boz rəngdən bənövşəyi rəngə kimi dəyişir.

Dodaq boyalarının tərkibinə əsasən A və E vitaminləri əlavə olunur ki, bu da iltihabın qarşısını alır. Təbii yağlardan ibarət olan boyalar həmçinin günəşə qarşı effektiv olur. Müasir dodaq boyasının tərkibinə polimer əlavə olunur. Bu da boyanın qalıcılığını artırır.

İlk dodaq boyası təxminən 5000 il əvvəl Mesopotamiyada istifadə edilib. Qədim Misirdə də dodaq üçün rəng məşhur idi. Orda bu boyanı qırmızı piqmentlərdən, mumdan və heyvan yağından hazırlayırdılar.

Dodaq boyası Misirdən Qədim Yunanıstana, sonra da Romaya gedib çıxdı. Lakin bu ölkələrdə dodaq boyasının tərəfdarları ilə yanaşı, ona qarşı çıxanlar da var idi. Onlardan ən yadda qalanı tanınmış filosof Klavdiy Qalen idi. Əslində Qalen boyaya deyil, qadınların təhlükəli kosmetik vasitələrdən istifadəsinə qarşı idi. Çünki o vaxtlar bəhs etdiyimiz boyanın tərkibinə zəhərli piqmentlər əlavə olunurdu.

Dodağı qırmızıya boyamaq ənənəsi dodaqlarının kənarını bahalı daş-qaşlarla bəzəyən mesopotamiyalı qadınlardan bu dövrümüzə qədər gəlib çıxıb. Misirli qadınlar dodaq boyasının tünd rənglərinə üstünlük verirdilər. Kleopatraya qırmızı dodaq boyası hazırlamaq üçün qırmızı rəng verən böcəkləri və qarışqaları əzib, onlardan həmin rəngin müxtəlif çalarlarında dodaq boyası hazırlayırdılar. Ən maraqlısı odur ki, hamının eşitdiyi məşhur “ölüm öpüşü” kəlməsi misirli qadınların yod və bromdan hazırladığı zərərli qarışıqdan ibarət olan dodaq boyası haqqında deyilib. Lakin qadınlar dodaq boyasından istifadə etməyə davam etdilər.

Həmçinin xristian kilsələri də bu kimi dəyişikliklərə mənfi yanaşırdılar. XVI əsrdə katolik kilsəsi kosmetik vasitələri qadağan etdi.

İlk boru formasında olan dodaq boyaları "Guerlain" firmasına məxsusdur. İlk dəmir boru içərisində olan bu boyalar 1915-ci ildə ABŞ-da yaradılanda əsl "dodaq boyası erası" yarandı. Çünki haqqında danışdığımız boyadan istifadə etmək çox asanlaşdı.

Müasir dövrdə dodaq boyalarının daha çox markaları var və bu da xanımlar üçün seçim etməyi asanlaşdırır.

Aparılan araşdırmaya görə, qadınların 60%-i dodaqlarına boya sürtmədən evdən çıxmır. Qadınların 80%-i 14-60 yaşları arasında boya istifadə edir. Qadınların 31%-nin ən sevdiyi boya rəngi qırmızıdır.