50
02:54
19 Fevral 2016

SOCAR nəhəng layihənin icrasını "dondurub"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən ölkədə neft-kimya kompleksinin tikintisi layihəsinin icrasını dayandırıb, lakin istismar olunan neft emalı və kimya obyektlərinin modernləşdirilməsinə 1,3 mlrd dollar xərcləmək niyyətindədir. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkət rəhbərlərindən biri bildirib.

Qeyd edək ki, SOCAR bundan əvvəl Sanqaçalda neft-kimya kompleksi tikməyi planlaşdırıb. Yaponiyanın “Mitsui” və bir neçə digər xarici şirkətlərin maraq göstərdiyi layihəyə yatırılacaq investisiyaların həcmi əvvəlcə 17 mlrd dollar məbləğində dəyərləndirilib, lakin sonradan, neft emalı zavodu layihədən çıxarıldıqdan sonra, onun dəyəri 8,5 mlrd dollaradək azaldılıb.

“Biz deyə bilərik ki, qaz emalı və neft-kimya kompleksi layihəsi üzrə fəal işlərin aparılması müvəqqəti dayandırılıb”, deyə “Röyters” agentliyinə müsahibəsində SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR “Mitsui” şirkətinin layihədə sərmayəçi və tərəfdaş qismində iştirakının davam etdirilməsinə dair hələ də danışıqlar aparır.

Tofiq Qəhrəmanov neftin qiymətinin bərpa olunacağı təqdirdə şirkətin qaz emalı və neft-kimya kompleksi layihəsinə təkrar qayıdacağını bildirib. O vaxtadək isə şirkət Bakı Neft Emalı zavodunun və “Azərkimya” şirkətinin obyektlərinin əsaslı təmirini həyata keçirmək niyyətindədir: “Bu layihənin dəyəri 1,3 mlrd dollar təşkil edir və maliyyələşmə dövlət büdcəsi hesabına həyata keçirilir”.

Onun sözlərinə görə, bir neçə mərhələli layihə dörd il ərzində icra ediləcək və bu müddət ərzində zavodun fəaliyyətində fasilələr istisna edilmir.

“Layihənin icrasından sonra neft emalı zavodunun gücü hazırkı 6 mln tondan 7,5 mln tonadək artacaq”, deyə o qeyd edib.

“Rekonstruksiyadan sonra zavodda 7-8 yeni qurğu istismar ediləcək”, deyə o bildirib.