51
17:52
18 Fevral 2016

10 min neftçi Bakıdan niyə sürgün edilmişdi? – TARİX

SSRİ Dövlət Müdafiə Komitəsinin, əslində Stalinin qərarı Bağırovun özü üçün də gözlənilməz olmuşdu. Azərbaycan SSR ərazisində rəsmən hərbi vəziyyət elan edilirdi. Bəlkə də bu qərarı haradasa başa düşmək olardı. Çünki faşist Almaniyasının qoşun birləşmələri artıq Qafqaz dağlarında idi və Bakı üzərinə hava reydləri həyata keçirilirdi. Amma…

Amma Stalinin növbəti qərarı Azərbaycanını hakimi-mütləqi üçün gözlənilməz olduğu qədər də, anlaşılmaz idi: Bakı neftçilərinin böyük əksəriyyəti ailələri ilə birgə Volqaboyuna, Urala köçürülməli idi. Bağırovun həddi nə idi ki, qərara boyun əyməsin.

Hə, doğrudan da 1942-ci ilin əvvəllərində müharibənin gedişi tamamilə Bakı neftindən asılı vəziyyətə düşmüşdü. Bakı üçün də çətin zamanlar idi. Naviqasiya müddəti başa çatanadək nəzərdə tutulmuş 6 milyon ton neft əvəzinə cəmi 1,6 milyon ton göndərilmişdi. Bütün ölkə üçün mürəkkəb olan belə bir zamanda riskli qərar qəbul edilir. Bakı neftçilərinin köçürülməsi başlanır. Özü də zorla...


10 mindən çox neftçi ailəsi ilə birlikdə gəmilərlə Krasnovodska, oradan da dəmir yolu ilə məskunlaşmamış rayonlara – Başqırdıstana, Kuybışev və Perm vilayətlərinə yola salınır. Neftçilərdən əvvəl isə Bakının bir neçə zavodu artıq dislokasiya yerindəydi. 1942-ci ilin iki-üç ayı ərzində Bakının doqquz qazma kontoru, neft-kəşfiyyat, neft-tikinti trestləri, boru bazaları və bəzi başqa neft müəssisələri bütün şəxsi heyəti, mexanizmləri və avadanlığı ilə şərqə köçürüldü. Bakının on mindən çox neft istehsalı komandiri, yüksək ixtisaslı mühəndis-texniki işçilər, mahir neft ustaları mütəşəkkil surətdə şərq rayonlarına göndərildi. Bu azmış kimi Müdafiə Komitəsinin göstərişi əsasında Qroznı neft sənayesi zavodları da Bakı limanı vasitəsilə ölkənin şərq rayonlarına daşındı. Odessa, Krasnodar, Mariupol və başqa sənaye şəhərlərindən köçürülən sənaye müəssisələrinin avadanlıqları da Bakıdan keçirdi.

Neftçi ailələri zavodlar quraşdırıldıqdan bir ay sonra çatdılar nəzərdə tutulmuş yerə. Sonradan, SSRİ dağılandan sonra arxivlərdə belə bir məlumat çıxacaqdı. Cənubdan, isti bir ölkədən gələn neftçilərin təzə mühitə uyğunlaşması olduqca çətin idi. Volqaboyunun, Uralın sərt şaxtası, iqlimi yüzlərlə ailənin faciəsinə səbəb olmuşdu.

“Amma qəhrəman Bakı neftçiləri partiya və hökumətin qarşıya qoyduğu vəzifənin öhdəsindən layiqincə gəldilər”. Bunu isə Nikolay Konstantinoviç Baybakov deyəcəkdi sonralar. O Baybakov ki, cəbhənin yanacaqla təmin edilməsində əsas koordinatorluğunu edirdi.

Baybakov daha sonra bunları yazacaqdı: “Başqırdıstan, Kuybışev, Perm vilayətlərində yeni zavodlar fəaliyyətə başlayırdı. Sterlitamakda, Permdə, Sarapulda, İşimbayda ikinci Bakı yaranırdı. Rüstəmbəyovun rəisi olduğu “Aznefterazvedka” Volqaboyunda neft tapmışdı”.

“Krasnokamskda bakılılar çoxdur. Neft ustası Musa Əhmədovun sahəsi neft planını 3 qat doldurub. Bu təcrübəli bakılı neftçi cəbhəyə daha çox neft göndərilməsi üçün gecə-gündüz çalışır” (Pravda, 23 may 1943-cü il).

“Zvezda” qəzetinin 8 avqust 1943-cü il sayında isə yazılırdı:

“Molotov vilayətinin neftçiləri aybaay planı artıqlamasıyla doldurur, Bakıdan gələn təcrübəli mühəndislər, ustalar və ixtisaslı fəhlələr hasilatı hər gün artırırlar. Yüzlərlə bakılı üçün bura artıq öz vətənləridir, ikinci Bakıdır”.

...Bakı neftçilərinə tez-tez Mircəfər Bağırov da baş çəkirmiş. Sonuncu dəfə Kuybışevdə olanda bir qrup neftçiyə ziyafət də veribmiş. Amma nə ağlına gələrdi ki, bir neçə il keçəcək, Stalin öləcək, elə onu da vəzifədən çıxaracaqdılar. Və…

Və elə “Kuybışevneft”in rəis müavini vəzifəsinə qoyacaqdılar.

Bağırov “Kuybışevneft”dən Bakıya məhkəmə qarşısına aparılır. Kuybışevdəki neftçilər isə orada qalırlar. Onların böyük əksəriyyəti vətənə qayıtmır...