61
18:44
16 Fevral 2016

Aktyor Kamran Ağabalayev: “Bizdə hansı xalq artistini təhsil almağa göndərmək olar?”

“Aktyorun kaprizi olsa, filmin ərsəyə gəlməsində böyük bir problem olar. Film komanda işidir. Aktyor isə gələcəyini düşünür. Anlayır ki, əgər zəncir qırılsa, nəticə olmaz”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, aktyor Kamran Ağabalayev deyib.

O, ötən ilin onun üçün uğurlu olduğunu bildirib: “Ötən il iki filmə çəkildim – “Yarımdünya” və “Tərkedilmiş”. Düşünürəm ki, 2016-cı il daha uğurlu olacaq. Türkiyə istehsalı olan “Kızkaçıran” filmində rol almışam. Bundan əlavə, Ülviyyə Könülün rejissorluğu ilə “Həddən artıq uyğunluq” filmində də çəkildim. Çəkilişlər burada və Nyu-Yorkda baş tutub. Hazırda 2 yeni filmdə çəkilməyə hazırlaşıram. “Azərbaycanfilm”in çəkdiyi “3 günlük bir ömür” filmidir. Digəri isə Türkiyə və Cənubi Koreyanın istehsalı olan “Ayla” filmidir”.

Qonaq qeyd edib ki, ötən il ərzində bir neçə ölkədə kastinqlərdə iştirak edib və seçilib. O, həmçinin, rejissoru olduğu “Sonuncu” filminin uğurundan da bəhs edib: “Hamı hazır filmi görür. Amma nəticə üçün biz nə qədər kastinqlərdən keçirik, bunu heç kim bilmir. Son 2 ayda bəlkə 10 dəfə Türkiyədə olmuşam. 10 filmdən yalnız ikisində seçilmək şansın var. Çünki Türkiyədə aktyor seçimi böyükdür. Orada kastinq sistemi də bir qədər fərqlidir. Məsələn, burada seriallara sevilən, tanınan aktyorları dəvət edirlər. Orada isə bəzi hallarda kastinqdə 4-5 saat zaman keçirməli olursan. Çünki rejissor səni 6-7 halda görmək istəyir. Yəqin, nəsə göstərə bilmişəm ki, təsdiq ediblər. Sözün düzü, özümü komediya janrında görmürdüm. Bu il mənim üçün uğurlu oldu. Yəqin ki, hər bir aktyorun arzusudur ki, bir il ərzində həm komediya, həm romantik, həm tragidram janrda çəkilsin. Sonuncu janrda olan filmin çəkilişləri aprel ayında başlayacaq”.

Kamran Ağabalayev ötən il həm də rejissor kimi “Sonuncu” adlı qısametrajlı filmdə çalışdığını bildirib: “2014-cü ildə Kann Festivalının əsas proqramına düşüb. 3620 filmin arasından seçilərək, ilk səkkizlikdə yer aldı. Ən çox öyündüyüm filmlərdən biridir. Baş rolları İdris Cəfərov və Corc Qafarov ifa edib. Bundan sonra 51 festivalda nümayiş olunub, 14-də qalib gəlib. Bəzi insanlar düşünür ki, festivallarda uğurlarımız yoxdur. Amma biz A kateqoriyalı festivalların qalibi də olmuşuq, əsas proqramlarda da yer almışıq. “Tərkedilmiş” filminin daha çox uğur gətirdiyini düşünürəm. İnanıram ki, 2016- cı ildə çəkildiyim filmlər daha uğurlu alınacaq”.

Aktyor hesab edir ki, Azərbaycan kinosu inkişaf mərhələsindədir və gələcəkdə böyük uğurlar qazanmaq şansımız böyükdür: “Azərbaycan kinosunun uğuru var. Düzdür, hər kəs “Oskar”ı tanıyır, amma A,B,C kateqoriyalı festivallar var. Kann, Venesiya kimi nüfuzlu festivalların proqramlarına düşən filmlərimiz var- “Axınla aşağı”, “Nabat”, “Sonuncu” və s. Sadəcə, hər yerdə olduğu kimi, bizdə də komediya filmləri daha populyardır. Kassa filmlərinin olması yaxşı haldır. Əvvəlki filmləri daha çox sevənlər də var, amma onlar festivallarda iştirak etməyiblər”.

Kamran Ağabalayev bildirib ki, bir çox ölkələrdə ssenari problemi yaşanır: “Axı nə qədər yeni mövzular uydurmaq olar? Resurslar tükənir. İnsanın başına gələ biləcək hər şey çəkilib. Martin Skorseze kimi “The Departed” filminə görə “Oskar” alırsa, demək ki, ssenari qıtlığı var. Yapon filminin ssenarisini adaptasiya edib, amerikan filmi çəkiblər. Və Skorseze kimi rejissor ilk dəfə belə bir filmə görə “Oskar” mükafatı alıb və bu o deməkdir ki, ssenari problemi var. Yəni, bu problem bütün dünyada var”.

Aktyorun sözlərinə görə, bu gün ən böyük problemlərdən biri də özünü inkişaf etdirmək istəyinin az olmasıdır: “Bizim aktyorların ən mənfi xüsusiyyətlərindən biri budur ki, ali məktəbi bitirən kimi özlərini hazır aktyor hesab edirlər. Marlon Brando kimi aktyor 90 yaşında deyib ki, bu həyatda heç nə edə bilmədim, heç nə öyrədə bilmədim. Mən Los- Ancelesdə təhsilimi davam etdirməyi düşünürəm. Gary Oldman kimi aktyor orada təhsil alır. Bizdə hansı xalq artistini təhsil almağa göndərmək olar?”