45
17:52
16 Fevral 2016

ABŞ səfirliyinin mətbuat xidmətinin rəhbəri "APA Holdinq"də olub

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Nikolas Barnet və səfirliyin əməkdaşı Gülçin Seyidova “APA Holdinq”in qonağı olublar.

APA-nın məlumatına görə, onlar “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və Direktorlar Şurasının sədri Nurşən Quliyevlə görüşüblər. Görüş zamanı Vüsalə Mahirqızı “APA Holdinq”lə ABŞ səfirliyi arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini qeyd edib. O, qonaqları “APA Holdinq”in fəaliyyəti barədə geniş məlumatlandırıb.

Öz növbəsində, N. Barnet səfirliyin media ilə əməkdaşlıqda hər zaman maraqlı olduğunu qeyd edib. O bu il Azərbaycanda “Multikulturalizm ili” olduğunu qeyd edərək Azərbaycanda multikulturalizm ənənələrini yüksək dəyərləndirdiyini qeyd edib. Mətbuat katibi bildirib ki, ABŞ da fərqliliklər ölkəsi olaraq Azərbaycanla bu sahədə təcrübələrini bölüşməyə hazırdır.

Görüşdə Azərbaycan mediasının hazırkı durumu, əməkdaşlığı daha da dərinləşdirmənin yolları barədə fikir mübadiləsi aparılıb.