31
15:52
16 Fevral 2016

Sabiq nazirin xalası oğlunun öldürülməsi ilə bağlı məhkəmə yenidən başlayıb - Azərbaycanda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi yenidən başlayıb.

Lent.az -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları yenidən dəqiqləşdirilib. Bundan sonra təqsirləndirilən şəxs bütün məhkəmə heyətinə etirazla bağlı vəsatət verib.

Hakimlər müşavirəyə gedib.

Vəsatət baxılmamış saxlanılıb.

Bundan sonra müdafiə tərəfinin verdiyi vəsatətlər təmin olunmayıb.

Məhkəmənin hazırlıq iclası fevralın 22-ə qədər yenidən təxirə alınıb.

Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası keçən il noyabr 3-də keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili cinayət işində kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin etmiş, işi ibtidai istintaqa qaytarmışdı.

Qeyd edək ki, məlum hadisə 2014-cü ilin sentyabrında törədilib. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Onu da qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.