29
13:52
16 Fevral 2016

Appaturay: “Azərbaycanla əməkdaşlıq yaxşı gedir"

“Azərbaycan prezidenti və xarici işlər nazirinə NATO ilə əməkdaşlığa verdikləri töhfələrə görə təşəkkür etdim”.
APA-nın məlumatına görə, bunuNATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib ki, Azərbaycan NATO ilə birgə səylər üçün etibarlı, əhəmiyyətli və dayanıqlı töhfə verən bir ölkədir: “Bunun ən böyük nümunəsi isə Əfqanıstanda əməkdaşlıqdır. Azərbaycanın Əfqanıstanla xüsusi əlaqələri mövcuddur. Biz əfqan təhlükəsizlik qüvvələrinə təlim keçmək sahəsində birgə işləyirik. Bildiyimə görə, bir neçə həftə ərzində əfqan rəsmiləri Azərbaycana gələcəklər. Bizim hər birimiz Əfqanıstanın öz təhlükəsizliyini təmin etməyə qadir olmasında maraqlıyıq. Azərbaycanın bu sahədəki töhfələrini yüksək qiymətləndiririk. NATO həmçinin Azərbaycanın təhlükəsizliyinə töhfə verir. Biz Azərbaycanla müdafiə sahəsində islahatlar və bu sahənin daha effektli olması üçün ölkəni texniki və zəruri məsləhətlə təmin etmək üçün davamlı işləmişik”.
C. Appaturay qeyd edib ki, Fərdi Tərəfdaşlıq Planı (IPAP) çərçivəsində əməkdaşlıq yaxşı gedir: "Bu, iki illik bir dövrü əhatə edir və biz ikinci ilin sonuna yaxınlaşırıq. Mənim həmkarım bu yaxınlarda Azərbaycana gələcək və növbəti 2 illiyin başlaması üçün müzakirələr aparacaq. Biz yenilənmiş məqsədləri də müzakirə edəcəyik. Əməkdaşlıq yaxşı gedir. Azərbaycan görmək istədiyimiz işlərin həyata keçirilməsi sahəsində bizimlə çox sıx işləyir. Bu, çox müsbətdir. Bizim təklif edə biləcəklərimizdən daha çox imkan var. Məsələn, müdafiə sahəsində effektivliyi və şəffaflığı artırmaq kimi məsələlər. Bütün hallarda biz bundan çox razıyıq".