462
11:14
17 Fevral 2016

Biznesmenin qətli ilə bağlı MARAQLI FAKT - 8 MİN MANAT GÖTÜRÜLÜB

Ağcabədi rayonunda keçən ilin oktyabrında törədilmiş və bu günlərdə üstü açılmış qətllə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayon bazarında valyutadəyişmə ilə məşğul olan 59 yaşlı Valeh İsmayılovu qətlə yetirən şəxslərdən biri onun qonşusu olub.
Həmin bazarda qəssablıqla məşğul olan 28 yaşlı Namiq Məmmədov oktyabrın 22-də günorta saatlarında özünə məxsus "VAZ 21015" markalı avtomobillə evə qayıdarkən yolda V.İsmayılovu görüb və onu maşına dəvət edərək evə aparacağını deyib. Bu zaman N.Məmmədovun tanışı, bazarda qəssab işləyən Xəyyam Salahov da maşında olub. Arxa oturacaqda əyləşən X.Salahov fiziki cəhətdən daha güclü olduğundan yaşlı və fiziki cəhətdən zəif V.İsmayılovu rahatlıqla boğub. V.Məmmədov da yubanmadan avtomobili şəhərdən kənara sürüb və Qarabağ kanalının yanına gətirib. Burada valyutadəyişmə ilə məşğul olan V.İsmayılovun cibindəki 8 min manatı götürən qəssablar onun cansız bədənini kanala atıb.
Bildirilir ki, V.İsmayılovun üzərindəki pullar manat, dollar və rubllardan ibarət olub.
Qətli törədən şəxslər ələ keçirdikləri pulu bölüşdürdükdən sonra normal həyatlarına qayıdıblar.
Araşdırmalar davam etdirilir.
*****
16 fevral

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Ağcabədidə törədilmiş daha bir qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az -a daxil olan birgə məlumatda qeyd edilir ki, 22 oktyabr 2015-ci il tarixdə “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcabədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər. Daha sonra cinayətin izini itirmək məqsədi ilə meyiti kanala atıblar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

*****

Ağcabədidə ötən ilin oktyabrında törədilən qətlin üstü açılıb. Rayon prokurorluğunun əməkdaşı Rauf Məmmədovun APA -ya verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 17-də itkin düşən və bir müddət sonra meyiti Qarabağ kanalından tapılan Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun qətlə yetirildiyi məlum olub. Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu və Məmmədov Namiq Qurban oğlu saxlanılıblar.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qətli törədən şəxslərin qəssablıqla məşğul olduğu bildirilir.

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub. Bir neçə gün sonra V. İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.