63
11:49
13 Fevral 2016

Musa Quliyev: "Dərmanların qiyməti 18 faiz ucuzlaşa bilər"

"Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələ hazırda hökumətdə müzakirə olunur. Bununla bağlı qanun qəbul olunarsa, dərmanların qiyməti 18 faiz ucuzlaşacaq".
Bu açıqlamanı APA TV-yə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.
O xatırladıb ki, bəzi ölkələrdə dərmanlar əlavə dəyər vergisindən azaddır:
"Bir çox dövlətlər də var ki, burada müəyyən qədər əlavə dəyər vergisi var. Bütün bunları nəzərə alaraq məsələ ətrafında ictimai müzakirələr aparılır".
Komitənin sədr müavini onu da qeyd edib ki, Azərbaycanda yerli dərman istehsalı çox vacib məsələdir:
"Ölkədə bunun üçün bütün lazımi şərait var. Yəni, yerli istehsal üçün həm tibbi, həm iqtisadi, həm də texnoloji və peşəkar şərait var. Yerli dərman istehsalının təşkil olunması dərmanların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bununla da dərmanların qiyməti daha ucuz olacaq. Dərmanın keyfiyyətinə hökumət birbaşa özü nəzarət edə biləcək".
Bundan başqa millət vəkili icbari tibbi sığortanın tətbiqi məsələsinin ləngiməsinə də diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanda 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanılacaq. Musa Quliyev qeyd edib ki, icbari tibbi sığorta edilmə prosesində aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur.