26
16:41
11 Fevral 2016

Bakıda 24 yaşlı kişi 39 yaşlı sevgilisini boğub öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

Binəqədi rayonunda qətl hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə 9-cu mikrorayonda, Cavadxan küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub. Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Məlum olub ki, qətli törədən şəxs 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayan Qədimov Fəhmin Etibar oğludur. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadədə qadını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. 24 yaşlı Fəhmin Qədimov saxladığı qadın üçün Cavadxan küçəsində bir otaqlı mənzil kirayələyib. Qətl elə həmin mənzildə törədilib, Sədaqət Əsgərova ilə mübahisə edən Fəhmin onu kəndirlə boğduqdan sonra mənzilin qapısını bağlayıb və qadının maşınına minərək ərazini tərk edib. Ev sahibəsi hadisədən iki gün sonra təsadüfən mənzilə gəlib. Kirayənişinlərdən xəbər olmadığından şübhələnən sahibə özündə olan açarla qapını açıb və evdə meyit olduğunu görüb. Dərhal polisə məlumat verilib və polis əməkdaşları isti izlərlə Fəhmin Qədimovu taparaq həbs ediblər. Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Fəhmin Qədimov ailəlidir.

**

10:32

Bakıda qadını boğaraq qətlə yetirən şəxs tutulub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Qədimov Fəhmin Etibar oğlu olması müəyyən edilərək saxlanılıb.

F. Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürübmüş. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

F. Qədimov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib.

Faktla bağlı istintaq tərbirləri davam etdirilir.

***

Bakıda qətl törədilib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.

Hadisənin kimin və kimlər tərəfindən törədilməsi hələlik məlum deyil.

Məlumata görə, hadisə baş verən mənzil öldürülən qadının tanışlarına kirayəyə verilibmiş.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.