51
15:50
30 Yanvar 2016

YAP Gənclər Birliyinin hesabat konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. APA -nın məlumatına görə, konfransda YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov və Bahar Muradova, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, o cümlədən partiya rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər.

Çıxış edən Z. Əsgərov partiyanın Gənclər Birliyinin 20 il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib. “Partiyanın gənc üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Avropalı gənclər 2-3 qat enerji ilə işləyirsə, biz 10 qat enerji ilə işləməliyik. Bu gün ölkəmizə qarşı bir çox istiqamətdən xoşagəlməz hücumlar baş verir, həmçinin ikili standartlar tətbiq olunur".

Daha sonra çıxış edən B. Muradova Heydər Əliyev ideyalarının hər kəsi Azərbaycan naminə fədakarlığa və qəhrəmanlığa ruhlandırdığını deyib: "Biz YAP sıralarına məhz ideyaya görə qoşulmuşuq". O, YAP-çı gənclərin ölkənin ictimai-siyasi həyatından yaxından iştirak etdiyini vurğulayıb, bunu təqdirə layiq hal kimi qiymətləndirib.

Ə. Əhmədov isə çıxışında bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan 2 Fevral - Gənclər günü Azərbaycanda gənclik hərəkatının inkişafına böyük töhfə verib: “Gənclərin inkişafı, nailiyyətləri və əldə etdikləri uğurlar hər birimiz üçün qürur mənbəyinə çevrilir. Müasir gənclik Azərbaycanın gələcəyinin bariz ifadəsi və təsdiqi sayıla bilər”.

Ə. Əhmədov vurğulayıb ki, YAP Gənclər Birliyi ölkənin gənclik hərəkatının fəal tərkib hissəsidir: “Ölkəmizin fəal gənclərinin böyük hissəsi YAP sıralarında birləşib. Qurumun ötənilki fəaliyyəti müsbət qiymətləndirilə bilər. Belə düşünmək üçün çox ciddi əsaslar var".

Sonra partiyanın ictimai-siyasi həyatında fəal olan gənclər və ictimai xadimlər mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.