62
19:48
29 Yanvar 2016

"Duty free"dən alınan mallar qanunu pozmaqla gətirildikdə qaçaqmal sayılır”

Dövlət Gömrük Komitəsi (DGK) yanvarın 29-da bəzi kütləvi informasiya vasitələrində komitə sədrinin müavini Əsgər Abdullayevin açıqlamasının təhrif olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

DGK-nın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Ə. Abdullayevin Gürcüstandan gələn bəzi nəqliyyat vasitələri ilə qaçaqmalın, o cümlədən "Duty free"dən alınan siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə Azərbaycana daşınması haqqında verdiyi açıqlama təhrif olunaraq oxucularda çaşqınlıq yaradan yanlış formada təqdim olunub.

Qeyd olunub ki, mövzudan anlayışı olmayan jurnalist tərəfindən Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri barədə həqiqətə uyğun olmayan əsassız və xoşagəlməz ifadələr yer alıb: “Elementar peşə etikasından kənara çıxan jurnalist belə qənaətə gəlib ki, dünyanın heç bir ölkəsində "Duty free"dən alınan mallar qaçaqmal kimi qəbul edilə bilməz və əksinə, bu tam qanuni şəkildə ölkəyə keçirilən mal sayılır. Dövlət Gömrük Komitəsibəyan edir ki, fəaliyyət göstərdiyi ölkədən asılı olmayaraq "Duty free"dən alınan mallar ölkəyə Azərbaycan qanunvericiliyi pozulmaqla gətirildikdə, hüquqpozma və ya qaçaqmalçılıq predmetinə çevrilir. Təkcə 2015-ci ildə Gürcüstanla həmsərhəd Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postu tərəfindən əksəriyyəti "Duty free"dən alınan külli miqdarda spirtli içki və siqaretin gizli saxlanc yerlərində və ya digər qanunsuz yollarla ölkəmizə keçirilməsinin qarşısı alınıb”.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, bu cür malların ölkəyə gətirilməsi Azərbaycanın Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin 305 saylı 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” (bu qaydalara əsasən 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün 3 litr alkoqollu içki, 600 ədəd (3 blok) siqaret gətirilə bilər) və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət edilməklə qanuni şəkildə həyata keçirilə bilər. Əks təqdirdə onların gömrük sərhədindən qanunsuz keçirilməsi miqdarından asılı olaraq inzibati, cinayət, eləcə də Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan qaçaqmalçılıq cinayəti üzrə məsuliyyətə səbəb olur”.