48
19:26
29 Yanvar 2016

“Nazirlik tərəfindən başqa məqsədlər üçün “Naz-LİFAN” alınmayıb” - YENİLƏNİB

“Nazirlik tərəfindən başqa digər məqsədlər üçün “Naz-LİFAN” markalı minik avtomobili alınmayıb”. Bu barədə Lent.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunan “Naz-LİFAN” markalı minik avtomobillərinin son 2 il ərzində kütləvi şəkildə istifadəyə yayılması sahəsində mühüm rol oynayan bir qurum olub və bu proses davam etdiriləcək: “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq müharibə əlillərinin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı üçün məhz Naxçıvan Avtomobil Zavodundan “Naz-LİFAN” markalı minik avtomobilləri alınıb. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd “Naz-LİFAN” markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Amma Nazirlik tərəfindən başqa digər məqsədlər üçün “Naz-LİFAN” markalı minik avtomobili alınmayıb”.

***

18:53

“Dövlət rəsmiləri zəng edərək, “NAZ-Lifan” almaq istədiklərini bildirirlər”

Lent.az -ın məlumatına görə, bunu azvision.az-a müsahibəsində Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.

- Prezident İlham Əliyevin məlum çıxışından sonra “NAZ-Lifan” avtomobillərinin satışında fərq varmı? Məmular maşın almaq üçün sizə müraciət edirlərmi?

- Ölkə başçısının çıxışından sonra müştərilərimizin sayı həddindən artıq çoxalıb. Əvvəlki günlərlə müqayisədə fərq böyükdür. Vətəndaşlar ofislərimizə gələrək, qiymətlərlə maraqlanırlar. Son iki gün ərzində dövlət qurumları, özəl müəssisə və şirkətlərdə çalışan vəzifəli şəxslər “NAZ-Lifan”la maraqlanırlar.

- Avtomobil almaq üçün sizə hansı dövlət qurumlarından müraciətlər daxil olub?

-Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri “NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb.

Məndə olan məlumata görə, nazir Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb.

- Nazir Səlim Müslümovun aldığı avtomobilin qiyməti nə qədərdir?

- Səlim müəllimin aldığı avtomobilin qiymətini dəqiq deyə biləməyəcəm. Çünki qiymətlər daha çox modifikasiyalara uyğun olaraq dəyişir.

- Hazırda “NAZ-Lifan”ın neçə modeli istehsal olunur?


- 11 növ model istehsal olunur. Mart ayında zavod “LİFAN-820” modelini satışa çıxaracaq. Biz dövlət rəsmilərinə, məmurlar “LİFAN-720” modelini təklif edirik. Mart ayında isə satışa çıxarılacaq “LİFAN 820” modeli də məmurlar üçün əlverişli olacaq.Yeni modelinin qiymətini hələlik dəqiqləşdirməmişik. Amma “LİFAN 720” modeli 11 min 500 manata satışa çıxarılıb.

-Avtomobillərin qiymətində dəyişiklik gözlənilirmi?

-Hələ ki, müştərilərə köhnə qiymətləri təqdim edirik. Bizdə kreditlər maşın almaq üçün ilkin ödəniş 2 min manatdır. Ödənişlər 36 ay ərzində 373 manat təşkil edir.

- Başqa hansı dövlət qurumlarından sizə müraciət daxil olub?

- Fövqəladə Hallar Nazirliyi və Nəqliyyat Nazirliyinin əməkdaşları satış mərkəzinə gələrək, qiymətlərlə maraqlanıblar. Bundan başqa bir neçə millət vəkili, icra başçısının müavinləri “NAZ-Lifan” almaq istədiklərini bildiriblər. Hazırda sifarişlərimiz çoxdur. Dövlət qurumları daha çox kreditlə maşın almağa üstünlük verirlər. Hazırda qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında bir çox dövlət qurumlarında “NAZ-Lifan” avtomobillərindən istifadə edilir.

Qeyd edim ki, müştərilərimiz narahat olmasınlar, qiymətlərdə dəyişiklik etməyi düşünmürük.