38
15:00
29 Yanvar 2016

ƏƏSMN-də işə qəbul olunan 45 dövlət qulluqçusu ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan dövlət qulluqçuları ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, görüşdə ƏƏSMN Aparatının rəhbəri Əjdər Cəbiyev ölkədə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə, bu sahədə dövlətçiliyə sadiq, bilikli, işgüzar kadrların yerləşdirilməsinə, dövlət qulluğu üzrə layiqli kadr potensialının formalaşdırılmasına diqqət və qayğıdan bəhs edib.

Bildirilib ki, ƏƏSMN də dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə kadrların qəbulu prosesini dövlət qulluğu haqqında qanunvericiliyin prinsipləri əsasında həyata keçirir. Nazirlik bu sahədə fəaliyyətini Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində təşkil edir.

Qeyd edilib ki, ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə həmin Komissiyanın keçirdiyi müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər işə qəbul olunub.

Bu istiqamətdə tədbirlərin davamı olaraq, Komissiyanın müsabiqə və müsahibələrindən uğurla keçmiş daha 45 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində müvafiq inzibati vəzifələrə işə qəbul ediliblər.

Qeyd olunub ki, nazirlik sistemində yeni işə qəbul olunan kadrların qarşısında dayanan başlıca vəzifə “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər” prinsipi əsasında fəaliyyət göstərmək, özlərinin davranışları ilə hər bir vətəndaş üçün nümunə olmaqdır.