29
13:26
29 Yanvar 2016

Elçin Sadıqov Adəm Məmmədovdan Vəkillər Kollegiyasına şikayət etdi

Vəkil Elçin Sadıqov həmkarı Adəm Məmmədovla bağlı Vəkillər Kollegiyasına və digər qurumlara müraciət edib.

Bu barədə APA-ya açıqlama verən E. Sadıqov bildirib ki, Adəm Məmmədov vəkil etikasına yaraşmayan hərəkətlərə yol verir: “Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Həmin hökmü Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə qüvvədə saxlayıb. Cinayət işi üzrə zərərçəkənlərdən biri mənim anam - Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən vəkil Adəm Məmmədov zərərçəkən anamdan, mənim başqa yaxınlarımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. O, mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır”.

E. Sadıqov qeyd edib ki, Adəm Məmmədovun hərəkətlərindən Ali Məhkəməyə, prezident İlham Əliyevə və Vəkillər Kollegiyasına müraciət edib.

Məsələyə münasibət bildirən vəkil Adəm Məmmədov isə APA-ya açıqlamasında bildirib ki, Elçin Sadıqovun dediklərinin əsası yoxdur: “Onun bacısı mənim ekspert kimi iştirak etdiyim televiziya verilişində çıxış edərək anasının haqqında danışıb. Mənim bu məsələlərə heç bir adiyyatım yoxdur. Elçin Sadıqov hara istəsə müraciət edə bilər. Bu onun hüququdur. Lakin elə fikirləşməsin ki, mən kiməsə təzyiq etmişəm. Bu düzgün deyil. Mənim Elçin Sadıqovla problemim yoxdur. Sahibə Həsənovanın Elçin Sadıqovun anası olmasını da mən sonradan bilmişəm”.