41
12:59
29 Yanvar 2016

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3-ü Siyəzən, 5-i Şabran rayonunda olmaqla, daha 8 fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirlinin müavini İlqar Rəhimov bildirib ki, dünyada iqtisadi böhran proseslərinin kəskinləşməsinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanılır və bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir.

Bunun əməli təsdiqi kimi, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12 rayonda fərdi yaşayış evləri, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş mənzillər, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Ümumilikdə ötən il nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil verilib, habelə dövlət başçısının iştirakı ilə Nərimanov rayonunda 132 mənzilli yeni yaşayış binası gözdən əlillərə təqdim olunub.