59
12:07
29 Yanvar 2016

Bakıda ana və oğlunun qətlə yetirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Lent.az xəbər verir ki, Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında qeyd olunur ki, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib onları qəsdən öldürüb.

Daha sonra o, J. Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

*****
10:41
Bakıda şirkət rəhbəri və anasını qətlinin üstü açılıb.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş. Onun ev sahibləri ilə arasında pul üstündə bir neçə dəfə münaqişəsi də yaranıb. Hadisənin də həmin zəmində törədildiyi ehtimal olunur.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.