39
16:10
28 Yanvar 2016

Dostunu öldürən şəxs Ali Məhkəməyə üz tutdu

Bakı Apellyasiya Məhkəməsində dostunu qətlə yetirməkdə təqsirləndirilən Əliyev Bəxtiyar Ələsgər oğlu barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az -ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə ilkin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ona görə proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, hadisə 2015-ci ildə metronun "20 Yanvar" stansiyasının çıxışında yerləşən ticarət obyektlərindən birinin qarşısında baş verib. Mağaza sahibi Bəxtiyar Əliyevin qonşu mağazada işləyən dostu Kənan Xəlilovla aralarında mübahisə düşüb. Daha sonra hər iki şəxs bir-birlərini təpik və yumruq zərbələri vurublar. B.Əliyevin zərbələri qarşısında aciz qalan K.Xəlilovun ürəyi gedərək ölüb.

B.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə B.Əliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.