44
15:19
28 Yanvar 2016

Qaynatasını öldürməkdə təqsirləndirilən şəxs: “Günahım qızlarımı sevmək idi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş qayınatasını öldürməkdə təqsirli bilinən Şamil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az -ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Ş.Əhmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib. Ş.Əhmədov ifadəsində keçmiş qayınatası Təyyar Hüseynovu öldürmək niyyətinin olmadığını, sadəcə mübahisə zamanı onu itələdiyini bildirib: “Təranə ilə 1996-cı ildə ailə həyatı qurduq. Mən onu tanıyanda 17 yaşı vardı. Mahnı oxuyurdu. Aramızda bununla bağlı həmişə problemlər olub. Hər bir ailədə söz-söhbət olduğu kimi bizdə də olub. Bir şey olan kimi atası gəlirdi. Söyürdü. Dava qırğın düşürdü. Birgə nikahdan iki qızımız oldu. 2006-cı ildə rəsmi olaraq ayrıldıq. O zaman ikinci qızıma hamilə idi. Onunla şərt kəsdim ki, bir də müğənnilik etməsin. Razılaşmışdı. Bir müddət keçmədən yenidən söhbətlər oldu. Atamla birgə yaşayırdım. O, yenidən müğənni kimi fəaliyyət göstərdi. Bu mənə həddindən artıq pis təsir edirdi. İki qızımız vardı. Gecə saat 1-2-də gəlirdi evə. Qızlar atasız, anasız böyüyürdü. Dəfələrlə qızları götürmək istəsəm də, alınmırdı. Özümü pis hiss edirdim. Bu söhbətdən başımı uzaq tutmaq üçün, Rusiya getməyi qərarlaşdırdım. Bilet aldım. Axşam bir iki bakal pivə içdim. Könlüm uşaqları görmək istədi. Onlar yaşadığı yerə getdim. Zəng elədim ki, uşaqlar düşsün. Evə qalxmaq istəmirdim. Düşmədilər. Qardaşım Kamilə zəng elədim. O gəldi. Kamil uşaqları evdən aşağı düşürdü. Maşında oturub, söhbət elədim. Bir müddətdən sonra Təranəyə zəng elədim. Saat gecə 12 olardı. Təranə mənə Saray postunda olduğunu, taksiylə gəldiyini dedi. Gözlədim. Gələndə geyindiyi paltar, saçı-başı mənə xoş gəlmədi. Uşaqlarımın anasıydı. Özümü saxlaya bilmədim. İradımı bildirdim. O məni qəzəbləndirəcək sözlər dedi. Bir şillə vurdum. Yerə yıxıldı. Özü artistlik edib, ayağa qalxmadı. Avtomobilə mindim. Maşını yerindən tərpətmək istəyirdim ki, uşaqların ağlama səsini eşitdim. Dözə bilmədim. Aşağı düşdüm. Təranəni yerdən qaldırmağa çalışdım. Bu vaxt evdən keçmiş qayınatam Təyyar çıxdı. Əlində elektroşokla üstümə gəlirdi. Ölümü-dirimi söyürdü. Üstünə çatan zaman onu itələdim. Yerə yıxıldı. Qardaşım məni belimdən tutub, maşına basdı. Bu vaxt maşınımın şüşələri sınıq-sınıq olmuşdu. Görməmişdim kimin sındırdığını, sonradan dedilər, keçmiş baldızım Əfsanə edib. Evə gəldim. Səhəri maşınımı düzəldib satdım. Rusiya getdim. Orda xəbər tutdum ki, Təyyar kişi ölüb. Şoka düşdüm. İnanmazdım belə olsun. Bir itələməklə adam ölməzdi. Mənim günahım qızlarımı sevmək idi, onların normal ailədə, normal tərbiyə görməsini istəməyim idi”.

Təqsirləndirilən şəxs hakim və prokurorun suallarını cavablandırıb. Suallara cavab olaraq bildirib ki, 2 dəfə məhkumluğu olub: “Hər ikisində zərərçəkən Təyyar olub. Bir şey eləməmiş polisə qaçırdı. Xuliqanlıqla içəridə yatmışam. Onda da şərlədilər məni. Bir də sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilmişəm. Biz evlənəndən aramızda olublar. Həmişə bizə qarışıblar. O vaxt Təyyarı da, baldızım Əfsanəni yalandan vurmuşam. Hələ iki ay idi evlənmişdi, işimizə qarışdılar, Təranə ilə mübahisə elədik. Təranə onda özünü balkondan aşağı atdı”.

Təqsirləndirilən şəxsdən sonra ifadə vermək üçün söz zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun qızı Əfsanə Hüseynovaya verilib. O, ifadəsində bacısıgilin ailəsinin Sumqayıtdakı bütün polis bölmələrində münaqişəli ailə kimi qeydə alındığını deyib: “Küçədə səs olan kimi bilirdik ki, bunların ailəsidir. Evlənəndən bəri yola getmirdilər. Burda yalan danışır ki, hər şey bacımın müğənni olması ilə əlaqədardır. O evlənəndə bilirdi ki, bacım müğənnidir. Evlənəndən bir müddət keçmədi ki, bacımı heç yerə qoymaq istəmirdi. Çox qısqanırdı. Bacıma zülm verirdi. Elə ona görə bacım özünü balkondan aşağı atmışdı. Orda sağlamlığını itirdi. 2-ci qrup əlildir. Bir dəfə məni və atamı döydü. Şikayət etdik. Xuliqanlıqdan həbs edildi. Bacım müğənnilik edib, həbsdə ona baxdı. Toylardan çörək arasında ona kabab gətirirdi. Haramı olsun. Hadisə günü yatmışdıq. Küçədən səs gəldi. Uşaqlar ağlayırdı. Çölə çıxdım. Bacımın uşaqları dedilər ki, ataları analarını öldürüb. Baxdım yerə ki, bacım yerdədi. Elə bildim, doğurdan da ölüb. İçəri qaçdım. Atama dedim ki, Şamil Təranəni öldürüb. Atam çölə çıxdı. Yuxudan qalxmışdı. Çölə çıxan kimi Şamil üstünə getdi. Şamil o vaxt bacımı yerdə sürüyürdü. Atam “köpəkoğlu, qızımdan əl çək” dedi. Şamil atamı yerə yıxıb, başını təpikləməyə başladı. Qardaşı Kamil də vurdu. Mən istintaqda Kamili desəm də, o hissə ifadəmdən çıxarılıb. Kamil Şamilə kömək elədi. Nə atamın əlində bir əşya varıydı, nə də mən maşının şüşəsini dağıtmışam, yalan deyir. Xəstəxanaya getdik, atam danışırdı, amma gözünün bulandıq gördüyünü, başının ağrıdığını dedi. Saat gecə 5 qədər orda olduq. Həkimlər dedi, narahat olmayın, yaxşı olacaq. Evə gəldik, pal-paltar aparaq. Bu zaman zəng gəldi ki, atamın beyninə qan sızıb ölüb. Şamil ölkədən qaçmışdı o vaxt. Bizim qardaşımız yoxdur. Ailəmizdə bir kişi vardı, onu da bu öldürdü. Atamın ölümündən 52 gün sonra anamın ürəyi partladı öldü. Bu adam tək atamın yox, həm də anamın qatilidir”.

Əfsanə Hüseynova hakim və prokurorun suallarını cavablandırıb.

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin qardaşı Kamil Əhmədov ifadə verib. O, ifadəsində qardaşı Şamilin arxasınca hadisə yerinə getdiyini deyib: “Hadisə günü qardaşım zəng elədi, uşaqları görmək istədiyi dedi. Mən dalınca ora getdim. Uşaqları evdən mən düşürdüm. Maşında söhbət elədik. Bu vaxt Təranə gəldi. Qıraqda söhbət edirdilər. Sözləri düz gəlmədi. Dalaşdılar. Şamil bir şillə vurdu. Təranə yerə yıxıldı. Bu arada uşaqlar ağladılar. Əfsanə səsə çıxdı. Təyyar kişi əlində elektroşokla qardaşımın üstünə gəldi. Şamil onu itələdi. Əfsanə daşla maşının şüşəsini dağıtdı. Mən onları ayırdım. Qardaşımı da ordan götürüb getdim”.

Şahid prokurorun suallarını cavablandırıb.

Şahid qismində təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Təranə Hüseynova ifadə verib. O, ifadəsində müğənnilik fəaliyyəti ilə məşğul olduğunu, 2006-cı ildən Şamil Əhmədovla rəsmi olaraq boşandığını deyib: “Ailə quranda 17 yaşım vardı. Ailə qurandan sonra dəfələrlə məni döyüb, atamı, bacımı vurub. Boşandıq. Hamiləydim. Yenidən barışdım. Həbsə də düşəndə işləyib ona baxmışam. Mənim çörəyim boğazımdır. Mənim işimin davalara heç bir dəxli olmayıb. Gördüm bir yerdə dolana bilmirik, yenidən ayrıldıq. Qızlarım mənimlə qalır. Hadisə günü işdən gəlirdim. Saray postunu keçəndə zəng gəldi. Şamil idi, qızlarımın səsi gəlirdi. Narahat oldum, gecə saat 12-də bunun uşaqların yanında nə işi vardı?! Taksi sürücüsündən də xahiş etdim ki, maşını bir az bərk sürsün.

Evə çatanda, Şamil maşını ilə taksinin qabağını kəsdi. Sürücüdən xahiş etdim ki, çörəyə çıxmısan, nə dəsə yola ver. O, taksi sürücüsünü təhqir elədi. Mən maşından düşdüm. İçkili idi. Ayaq üstə dura bilmirdi. Geyimimə ilişdi. Mən hər zaman geyimimə fikir vermişəm. Mənə Rusiyaya gedəcəyini, onunla barışıb birlikdə getməyimi istədi. Razılaşmadım. Məni qırağa çəkdi. Çəkən kimi başıma şillə vurdu. Özümdən keçdim. Yerə yıxıldım. Gözüm bağlı olsa da, səsi eşidirdim. Atam düşdü. Atamı yerə yıxıb, dəfələrlə zərbə vurdu. Qaynım da orda idi. Cinayəti hər ikisi törətdilər. Qaçıb getdilər. Xəstəxanada yalvardılar ki, Şamili tapacağıq, Kamilin adını vermə. Şərt kəsdik ki, Şamili tapacaqlar. Bir müddət keçəndən sonra aldandığımı hiss etdim. İfadəmi dəyişdim və həqiqəti dedim. Hər ikisi günahkardır”.

Qeyd edək ki, hadisə 2013-cü ildə Sumqayıt şəhərində baş verib. Şamil Abdulla oğlu Əhmədov onunla barışmaq üçün keçmiş həyat yoldaşı Təranə Hüseynovanın evinə gedib. O, Təranə Hüseynovanı zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb və ər keçmiş həyat yoldaşını döyüb. Bunu görən T. Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş. Əhmədov onu da vurub. Nəticədə kəllə-beyin travması alan T. Hüseynov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Ş. Əhmədov Cinayət Məcəlləsinin 126.3 - cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanıb. Ş. Əhmədov Rusiya qaçıb. O, 2015-ci ildə Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya edilib.