27
12:18
28 Yanvar 2016

Səhiyyə Nazirliyi: "Doğuş zamanı ölən qadınların çoxu xəstə olur"

“Hamiləlik əvvəlcədən planlaşdırılmalıdır. Qadın hamiləlikdən əvvəl öyrənməlidir ki, nə dərəcədə sağlamdır. Bəlkə onda ürək, qaraciyər, böyrək xəstəliyi var?! Doğuş zamanı ölən, kritik vəziyyətdə olan qadınların çoxu xəstə olur. Biz onları çətinliklə həyata qaytarırıq”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib. O bildirib ki, bu məsələdə Səhiyyə Nazirliyi tərəfindən hər cür şərait yaradılıb: “Hamiləliyi əvvəlcədən planlaşdırmaqla uşaq 22 həftəyə doğulmayacaq. Uşaq ana bətnində yetişəcək. Hamiləliyin planlaşdırılması o deməkdir ki, qadın əvvəlcədən müayinələrdən keçməlidir. Bu gün qadın məsləhətxanaları, poliklinikalar fəaliyyət göstərir. Hamilə qadın 3 ay ərzində məsləhətxanada qeydiyyata düşməlidir. Ondan sonra mütəmadi, təlimata uyğun həkimin yanına gedib-gəlməlidir. Lap onda sağlam fizioloji hamiləlik olsa da, getmək lazımdır. Biz bununla kritik vəziyyətləri aradan qaldıra bilərik”.

L. Rzaquliyeva hamilə qadınlara müraciət edib: “Qadınlarımız o həkimdən bu həkimə, o klinikadan bu klinikaya qaçmasın. Mütəmadi olaraq, qadın məsləhətxanasında qeydiyyata dursunlar. Patoloji vəziyyət yarananda vaxtında aşkarlansın və onlar hospitallaşdırılsınlar”.

Qeyd edək ki, bu il Azərbaycanda 6 ana ölümü qeydə alınıb.