24
10:27
28 Yanvar 2016

“Mitsubishi” sürüşərək yaşayış evinə çırpıldı

Bakının Nemət Quliyev küçəsində yolun buz bağlaması qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, “Mitsubishi” markalı avtomobil sürüşərək yoldan çıxıb və yaşayış evinə çırpılıb. Maşın daha sonra təxminən 2 metr dərinliyi olan yarğana düşüb.

Ev sahiblərinin sözlərinə görə, avtomobil Təbriz küçəsindən Nemət Quliyev küçəsinə dönüb və sürücü işıqlandırılmayan küçədə yolun buz bağladığını hiss etməyib. Nəticədə sürüşən maşın idarəetmədən çıxıb.

Ev sakini Xəyal Bayramov hadisənin təfərrüatını belə danışıb: “Pəncərənin qabağında oturmuşduq. İkinci mərtəbədə yaşayırıq. Birdən möhkəm səs gəldi. Ev möhkəm silkələndi. Elə bildik zəlzələdir. Çox gurultulu səs gəldi. Çölə çıxdıq, gördük ki, qəza baş verib, maşın düşüb bura. Haradasa 2 metr dərinliyi var. Tez sürücüyə köməklik göstərdik, maşından çıxdı”.

Küçə sakinlərinin sözlərinə görə, yolun eniş hissəsi buz bağlasa da, kommunal xidmətlər buzun təmizlənməsi üçün heç bir tədbir görməyiblər. Təkcə yanvarın 28-də Nemət Quliyev küçəsində bir neçə yol qəzası baş verib. Sonuncu qəzadan sonra sakinlər yolu avtomobillər üçün bağlamaq qərarına gəliblər. Onlar yolun hərəkət hissəsinə maneələr düzüblər.