85
23:41
27 Yanvar 2016

“NAZ Lifan” milliləşdiriləcək

Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodunda istehsal edilən avtomobillər milliləşdiriləcək.

APA-nın məlumatında gərə, bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir.

Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZLifan” markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek) “320” və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “620” modellərindən ibarət olub. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin kütləvi istehsalına başlanılıb. Hazırda istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim olunacaq.

Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda “NAZ-Lifan”lardan xidməti avtomobillər kimi istifadə olunur. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən müharibəsi iştirakçıları dövlət vəsaiti hesabına “NAZ-Lifan-320” markalı minik avtomobilləri ilə təmin edilirlər. Hazırda muxtar respublikada, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZLifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

Xatırladaq ki, prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət qurumlarını, məmurları Naxçıvanda istifadə edilən keyfiyyətli avtomobillərdən istifadə etməyə üstünlük verməyə çağırıb.