62
15:22
27 Yanvar 2016

“Krossvord yarışması” adlı layihə əsasında müsabiqə keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Prezident yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi, akademiyanın tələbəsi Mahmud Mahmudovun “Krossvord yarışması” adlı fərdi layihəsi əsasında müsabiqə keçirilib.

AƏSMA-nın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Mahmud Mahmudov layihə haqqında ətraflı məlumat verərək ictimai fəaliyyətin gənc təfəkkürün inkişafına və ümumilikdə ölkənin iqtisadi inkişaf səviyyəsinə müsbət təsirlərindən danışıb.

Tədbirdə çıxış edən akademiyanın Tədris işləri üzrə prorektoru, Sirac Məmmədov, qrant müsabiqəsinin qalibi olması münasibətilə layihə rəhbərini təbrik edərək, bu tədbirin digər tələbələrə stimul olması baxımından çox təqdirəlayiq bir hal olduğunu qeyd edib.

Çıxışçılardan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Gənclər Fondunun fəaliyyətindən, akademiya tələbələrinin rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakından, o cümlədən gənclərin fərdi layihələrinin maliyyələşdirilməsinin əhəmiyyətindən danışıb.

YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə çıxışında yarışda uğur qazanmış 30 nəfər iştirakçını təbrik edərək, bu tipli layihələrə daim dəstək olacaqlarını və potensialı olan tələbələrin hər zaman diqqət mərkəzində olacağını qeyd edib.

Bildirək ki, 100 nəfər tələbənin iştirak etdiyi tədbir 3 mərhələdən ibarət olub və ikinci mərhələdə iştirak edən 30 tələbədən 10-nu final mərhələsində iştirak etmə haqqı qazanmışdır ki, bunlardan da ilk 3 yeri tutan iştirakçı diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdı.