112
15:04
27 Yanvar 2016

Fənn olimpiadalarının I mərhələsinin nəticələri açıqlanıb

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 4000 nəfərə yaxın şagird iştirak edəcək.

Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 28-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər.

Yarımfinal turuna ən çox vəsiqə coğrafiya, ən az vəsiqə isə informatika fənni üzrə qazanılıb.

Bildirək ki, olimpiadanın növbəti mərhələsi mart ayının ikinci ongünlüyündə keçiriləcək. Bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında XI sinif şagirdləri üstünlük təşkil edir.

Qeyd edək ki, yanvarın 17-də riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 27 500-dən çox şagird iştirak edib.