17
12:50
27 Yanvar 2016

Futbolçu Cavid Hüseynovun işi məhkəmə baxışına verildi - YENİLƏNİB

Cavid Hüseynovun vəkili Adəm Məmmədov prosesdə vəsatətlə çıxış edib. Vəsatətlərdən biri C.Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığı ilə əvəzlənməsi, digəri isə onun barəsində açılmış cinayət işinə Ağır Cinayətlər Məhkəməsindəki iş yekunlaşdıqdan sonra baxılması barədə olub. Hakim vəsatətlərin heç birini təmin etməyib. İş məhkəmə baxışına verilib.

Vəkil Adəm Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, tərəf olaraq Cavid Hüseynov da, valideynləri jurnalistlərin məhkəməyə buraxılmasını istəyir: “Onlar da prosesin ictimaiyyət nümayəndələri tərəfindən izlənməsini istəyirlər ki, işin yekunu ilə bağlı heç kimdə şübhə olmasın.

Növbəti proses fevralın 10-a təyin edilib.

**

12:25

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.

Lent.az -ın məlumatına görə, məhkəmə zalına heç bir jurnalist buraxılmayıb. Məhkəmə rəsmisi bildirib ki, hakim prosesə jurnalistləri buraxmır.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.