61
20:26
26 Yanvar 2016

Əhaliyə verilən qazın həcmi artırılıb

Havaların kəskin soyuması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi (İB) gündəlik tələbata uyğun əhaliyə verilən təbii qazın həcmini artırıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istər Bakı şəhəri və ətraf qəsəbələrdə, istərsə də respublikanın regionlarında əhaliyə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmayıb. “Azəriqaz” tərəfindən planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan bütün təmir işləri müvəqqəti olaraq təxirə salınıb. Yalnız qəza hallarının aradan qaldırılması zamanı əhaliyə mavi yanacağın verilişində qısamüddətli fasilələr yarana bilər. Baş verən qəza halları isə “Azəriqaz” İB-nin təmir-tikinti idarəsinin qəza xidmətləri tərəfindən operativ olaraq aradan qaldırılır.

Eyni zamanda, abonentlərin şikayətlərinin araşdırılması və həll edilməsi məqsədi ilə birliyin 104 və 185 qaynar xətləri fasiləsiz fəaliyyət göstərir. Bütün çağırış və müraciətlər operativ surətdə və nəzarət qaydasında icra olunur. İşlərin səmərəli təşkili, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin artırılması məqsədilə Bakı Regional Qaz İstismar Departamenti və Regional Qaz İstismar İdarələri gücləndirilmiş iş rejiminə keçirilərək növbətçilik sistemi yaradılıb.

Qeyd edək ki, ötən gün axşam saat 20:00 radələrində Bakının Nərimanov rayonu ərazisində avtomobilin 159 millimetrlik qaz xəttini sındırması nəticəsində Nərimanov və Binəqədi rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yaranıb, “Azəriqaz” İB-nin müvafiq qurumları tərəfindən dərhal həmin ərazidə alternativ xətlər çəkilərək qazın verilişi bərpa edilib.

“Azəriqaz” İB tərəfindən istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər bundan sonra da görüləcək.