87
19:24
26 Yanvar 2016

“Azəriqaz” əhaliyə verilən təbii qazın həcmini artırıb

Havaların kəskin soyuması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi gündəlik tələbata uyğun əhaliyə verilən təbii qazın həcmini artırıb.

Lent.az quruma istinadən xəbər verir ki, həyata keçirilməsi nəzərdə tutulan bütün təmir işləri müvəqqəti olaraq təxirə salınıb. Yalnız qəza hallarının aradan qaldırılması zamanı əhaliyə mavi yanacağın verilişində qısamüddətli fasilələr yarana bilər.

Qurumun məlumatında bildirilir ki, baş verən qəza halları “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qəza xidmətləri tərəfindən operativ olaraq aradan qaldırılır. Eyni zamanda abonentlərin şikayətlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Birliyin 104 və 185 qaynar xətləri fasiləsiz fəaliyyət göstərir: “Bütün çağırış və müraciətlər operativ surətdə və nəzarət qaydasında icra olunur. İşlərin səmərəli təşkili, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin artırılması məqsədi ilə Bakı Regional Qaz İstismar Departamenti və Regional Qaz İstismar İdarələri gücləndirilmiş iş rejiminə keçirilərək növbətçilik sistemi yaradılıb”.