27
11:11
27 Yanvar 2016

Azərbaycanda vəzifəli şəxslərin öldüyü qəzanın TƏFƏRRÜATI - YENİLƏNİB

Dünən Daşkəsən rayonunda vəzifəli şəxslərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb. Daşkəsən rayon Polis Şöbəsindən Lent.az -a bildirilib ki, Bayan kəndi ərazisində, Qoşqar çayın üzərindəki körpüdən avtomobili aşıran rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 63 yaşlı Hacı Məmmədov hadisə vaxtı sərxoş vəziyyətdə olub.
Bəlli olub ki, H.Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri, 1984-cü il təvəllüdlü Elvin Haqverdiyev Gəncədə yaşayır və onlar hər gün birlikdə Gəncədən Daşkəsənə-işə gedib gəlirmiş. Dünən də adəti üzrə hər iki vəzifəli şəxs axşam saatlarında Gəncəyə yola düşüb. Lakin yola düşməzdən əvvəl nahar edərkən spirtli içki qəbul edən H.Məmmədov yolda ehtiyatsızlıq edib və avtomobil idarəetmədən çıxaraq 20 metr yüksəklikdəki körpüdən dərəyə aşıb. H.Məmmədov hadisə yerində, E.Haqverdiyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya uğrayan avtomobil rayon Mədəniyyət və Turizm şöbəsinə məxsus olub.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

*****
20:38
Daşkəsəndə körpüdən aşan avtomobil rayon Mədəniyyət və Turizm Şöbəsinə məxsus olub. APA -nın qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 18 radələrində Daşkəsən rayonun Bayan kəndi ərazisində ağır yol nəqliyyat qəzası baş verib. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, rayon sakini, 1953-cü il təvəllüdlü Hacı Məmmədov şöbəyə məxsus “Niva Chevrolet” markalı avtomobillə Daşkəsən şəhərindən Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və Qoşqar çayı üzərində olan körpüdən təxminən 20 metr hündürlükdən çaya aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev isə ağır bədən xəsarəti alıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

*****
Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Daşkəsən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.

***
Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kəndi ərazisində “Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində iki nəfər ölüb. Xəsarət alanların olduğu da bildirilir.

Hazırda hüququ-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Araşdırma aparılır.