29
15:16
26 Yanvar 2016

"BakuBus"ın 3 avtobusu daşa basıldı

“BakuBus”un 3 avtobusu daşa basılıb. Lent.az -ın məlumatına görə, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova özünün facebook hesabında məlumat verib.

N. Allahyarova bildirib ki, yanvarın 23-də "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb.

N. Allahyarova Lent.az -a açıqlamasında qeyd edib ki, hadisə zamanı avtobusların birində yaşlı qadın yaralanıb. Daş onun başı tərəfə atılıb. Nəticədə avtobusun şüşə qırıntıları onun gözünə girib. Hazırda xəstə ev şəraitində müalicə edilir.

“BakuBus”ın sözcüsü bildirir ki, mütəmadi olaraq həmin ərazidə avtobuslar dəfələrlə daşlanılıb: “ İndiyə qədər heç birində zərərçəkən olmamışdı. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Ərazidə olan kamera görüntüləri götürülüb. Həmin şəxslər indiyə qədər saxlanmayıb”.

"Bakubus" sözçüsü bu cür neqativ hallara ətrafdakı vətəndaşlar tərəfindən də müdaxilə edilməsini xahiş edirb: "İçərisi sərnişin dolu avtobusun şüşələrini daş qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə ağrılıdır. İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarınıza ölçü qoyun. “BakuBus” olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyan şəxslər törətdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər!".