81
12:31
26 Yanvar 2016

"Beynəlxalq təşkilatlarla münasibətlər daha da genişlənəcək" - Prezident

““Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı” uğurla icra edilir”.

APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib, dünya iqtisadiyyatı böhrandan çıxa bilmir: “Davosda da şahidi oldum ki, dünya iqtisadiyyatı hələ böhran vəziyyətində qalacaq. Azərbaycanda 2015-ci ildə nəzərdə tutulan layihələr icra edilib. Bu, böyük uğurdur. Çünki bölgəmizdə qanlı müharibələr davam edir, Avropada yeni böhran yaşanır, miqrantlarla bağlı vəziyyət gərginləşir. Evlərini, əmlaklarını itirmiş insanlar Avropaya üz tutular və onların orada nə ilə qarşılaşdıqları gözümüz önündədir. Avropada miqrant böhranı radikallığı gücləndirir”.

Prezident İlham Əliyev bildirib ki, dünyada və bölgədə yaranan vəziyyət Azərbaycanı narahat edir: “Ancaq Azərbaycan 2015-ci ildə iqtisadi inkişaf tempini saxlayıb. Keçən il 20-dən çox xarici səfər etmişəm, Azərbaycana 15-dən çox xarici dövləti və hökumət başçısı səfər edib. Bu göstərir ki, dünyada Azərbaycana böyük diqqət və hörmət var. Davos forumunda da gördüm ki, ölkəmizin siyasətinə, əldə etdiyi uğurlara böyük hörmət göstərilir. Biz dövlətlər və beynəlxalq təşkilatlara qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşuq. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla münasibətlər daha da sürətlə genişlənəcək”.