47
10:56
26 Yanvar 2016

Aygünün ad günündə nələr yaşandı? - TAXT BAĞIŞLANDI, BAKAL QIRILDI

Xalq artisti Aygün Kazımova ötən gün gecə saatlarında paytaxt məkanlarının birində özünə ad günün keçirib. Lent.az -ın məlumatına görə, aparıcı Zaur Nəbioğlunun təqdimatı ilə başlayan gecəni ilk olaraq “Talant” rəqs qrupunun rəqqasları açıq elan etdi. Daha sonra prodüser Anar Mədətovun rəhbərlik etdiyi “Solo Band” ansamblının ifaları təqdim olunub. Bundan sonra səhnəyə meyxanaçılar Rəşad Dağlı və Pərviz Bülbülə çıxıb. Onlar səbəbkarın şərəfinə meyxana deyib. Gecə 12 tamamda isə Aygün özü səhnəyə çıxaraq qonaqlarını salamlayıb və ilk dəfə olaraq belə qeyri-adiliyə imza atmasından danışıb: “Bilirsiniz ki, mənim doğum günüm 26 yanvardadır. Bu dəfə fərqli doğum günü keçirməyi qərara aldıq. Bu mənim komandamın ideyasıdır. 25-dən 26-na keçən gecə ad günüm başladı və səhərə qədər davam edəcək”.

Sözlərini bitirən Kazımova “Mən Aygünəm” mahnısı ilə məclisi davam etdirib.

Ad günündə daha bir fərqlilik yaşanıb. Adət etdiyimiz kimi tort məclisin sonunda deyil, əvvəlində kəsilib.

Ardınca isə dizayner İbo özünün xüsusi hazırladığı “Ay və Gün” formalı taxtı xalq artistinə hədiyyə edib. Bu da gur alqışlara səbəb olub. Aşıq Əlinin səhnəyə çıxıb xalq artistinin şərəfinə şeir deyib, mahnı oxuması da məclisə xüsusi rəng qatıb. Gecədə xalq artistinə bir çox hədiyyələr bağışlanıb. Məclisin gedişində səhnəyə müğənni Kərim Abasov çıxaraq xalq artisti Nisə Qasımovanın repertuarınndan olan "Məni satdın nəfsinə" adlı mahnı oxuyub. Bu zaman isə A.Kazımova əlində bakal Kərimlə rəqs edib. Mahnının bitməsinə bir neçə saniyə qalmış isə xalq artisti əlindəki bakalı yerə çırparaq qırıb. Onun bu addımı isə gecədə alqışa səbəb olub.

Qeyd edək ki, A.Kazımovanın doğum günündə müəllimləri Cavanşir Quliyev, Vaqif Gərayzadədən başqa əməkdar artist Ədalət Şükürov, müğənnilər Nadir Qafarzadə, Kərim Abasov, Ceyhun Əiyev, Ramal İsrafilov, Ayan Bababkişiyeva, “Pişik Günel" , Elnur Məmmədov, Nura Suri, İlhamə Qasımova, Samir Cavadzadə, prodüserlər Təranə Səmədova, Roland Bayramov, aparıcılar Murad Arif, Afaq Gəncəli, İlkin Həsəni və başqaları iştirak edib.