27
17:59
25 Yanvar 2016

“SCOPUS Mükafatları”nın təqdimat mərasimi keçirilib

Bu gün dünyanın tanınmış akademik nəşriyyatlarından və informasiya həllərinin təminatçılarından biri olan “Elsevier” əməkdaşlıq etdiyi Prezident yanında Elmin İnkişaf Fondu ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq “SCOPUS Mükafatları”nın təqdimetmə məqsədi ilə qala-gecə keçirib.

Lent.az -ın məlumatına görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat və təhsil qurumuna, həmçinin, 5 elmi jurnala “SCOPUS” və “SciVal” bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub. Tədbirdə həmçinin “Elsevier” nəşriyyatının daxil olduğu RELX qlobal şirkətlər qrupunun korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Çi, Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Niderland krallığının Azərbaycandakı səfiri Robert J.Qabrielse və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi üçün ölkə alimləri qarşısında ciddi vəzifə qoyulub. Bu istiqamətdə ölkədə elmi tədqiqat aparan alim və mütəxəssislər üçün hər cür şərait yaradılmalıdır. Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu da alimlər üçün elmi bazalara olan çıxışların açılmasıdır. Bu işdə də Elmin İnkişafı Fondu öz töhfəsini verməyə çalışır.

E. Babayev eyni zamanda, bu il ərzində fondun görəcəyi layihələrdən də söz açıb: "Bu ildə ənənəvi olaraq qrant maliyyələşdirilməsini həyata keçirəcəyik. Son zamanlar əsasən, kompleks elmi-tədqiqat proqramları üzrə layihələri dəstəkləməyə başlamışıq. Bundan başqa, gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi keçiriləcək. Digər dövlət proqramları çərçivəsində lazım olacaq layihələri də icra etməyə hazırıq".

"Ölkədə müşahidə olunan iqtisadi böhrana baxmayaraq, qrant layihələrinə ayrılan vəsaitlərin həcmində heç bir azalma nəzərdə tutulmayıb",- deyə icraçı direktor əlavə edib.

Qeyd edək ki. “SCOPUS mükafatı Azərbaycan – 2016” “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi təşkilat və tədqiqatçıların səylərini dəstəkləmək üçün təşkil edilib və Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək, Azərbaycanda aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, nüfuzlu nəşrlərdə məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları. həmçinin eksklüziv akademik jurnalları önə çəkmək məqsədi daşıyır