35
14:36
25 Yanvar 2016

Bakıda xüsusi hərəkət zolaqlarının çəkilişi dayandırıldı

Bakı şəhərində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi prosesi dayandırılıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 21 dekabr 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” fərmanı ilə Bakıda avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaların və taksi minik avtomobilləri ilə sərnişindaşımaların mərkəzləşdirilmiş qaydada tənzimlənməsi və idarə edilməsini təşkili ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması və Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı səlahiyyətlərinin bilavasitə bu Agentliyə həvalə edilməsi ilə bağlıdır.

Hərəkət zolaqlarının yaradılması prosesinin dayandırılmasının müvəqqəti olduğu bildirilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 23 iyul 2015-ci il tarixli qərarına əsasən, Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılmasına başlanılıb, ilkin mərhələdə Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün 6 yerdə xüsusi zolaqların ayrılması barədə qərar verilib. Beləliklə, noyabra qədər Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, ikincisi Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində, digərləri isə Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissə, Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiq Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək, Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdə xüsusi zolaqların çəkili başa çatdırılıb. Eyni zamanda “Azəryolservis” ASC və digər aidiyyəti qurumlar tərəfindən ümumilikdə 50-yə yaxın küçə və prospektlərdə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi ilə bağlı təkliflər hazırlanaraq , Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasını təqdim olunub. Ancaq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin formalaşdırılması prosesi hələ başa çatmadığı üçün Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə əlaqədar Bakıda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi prosesi müvəqqəti dayandırılıb. Keçən ilin noyabr ayından indiyə qədər ötən müddət ərzində xüsusi hərəkət zolaqlarının çəkilişi aparılmayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 13 yanvar 2015-ci il tarixli sərəncamı ilə Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin baş direktoru təyin edilib.