24
10:57
25 Yanvar 2016

Diridoğulma meyarlarına dair brifinq təşkil olunacaq

2015-ci il yanvarın 1-dən Azərbaycanda tətbiqinə başlanan yeni diridoğulma meyarlarının müvəffəqiyyətlə tətbiqi üçün yanvarın 27-də saat 10.00-dan 12.00-a kimi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) 6-cı mərtəbəsində keçiriləcək brifinqdə diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ölkədə həyata keçirilən tədbirlərdən söhbət açılacaq, ana və uşaqların sağlamlığının qorunması sahəsində rast gəlinən problemlər müzakirə ediləcək. Brifinq sayəsində media nümayəndələri ana və uşaqların sağlamlığının qorunması, vaxtından əvvəl doğuşların qarşısının alınması üçün reproduktiv yaşda olan qadınların diqqət yetirməli olduqları vacib məqamlar barədə məlumatlar veriləcək.

Qeyd edək ki, fəaliyyət çərçivəsində hazırlanmış videoçarx telekanallar vasitəsilə yayımlanacaq, mütəxəssislərin çıxışları təşkil olunacaq, reportaj və süjetlər hazırlanacaq. Ana və uşaqların sağlamlığının qorunması məqsədilə hazırlanacaq videoçarxın ictimai yerlərdə nümayişi də nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, bu ictimai maarifləndirmə tədbirləri “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq həyata keçirilir.