22
11:45
24 Yanvar 2016

10 aylıq Qorqudun meyiti ailəsinə verildi - YENİLƏNİB

“Baş Konsulluğun Təbriz Tibb Universiteti və digər orqanlarla apardığı danışıqlar və xahişi əsasında xəstəxana xərclərində güzəştlər və endirimlər olunub”.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğundan bildirib.

Baş Konsulluğun məlumatında qeyd olunub ki, uşağın meyiti valideynlərinə verilib, hazırda müvafiq sənədləşmə prosedurlarının yekunlaşdırılması, körpənin cənazəsinin Azərbaycana yola salınması istiqamətində işlər aparılır.

Yaxın vaxtlarda cənazə Azərbaycana yola salınacaq.

xxxxx

11:07

Təbrizdəki xəstəxanalardan birində vəfat edən Azərbaycan vətəndaşı, 10 aylıq Qorqud Dadaşzadənin meyiti artıq ailəsinə təhvil verilib. Lent.az -ın məlumatına görə, bu gün səhər saatlarında “Kudəkan” xəstəxanası körpənin meyitini ailəsinə verib. Gün ərzində Q.Dadaşzadənin cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, xəstəxana müalicə pulu tam ödənilmədiyi üçün körpənin meyitini ailəsinə təhvil vermirdi. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycandan bəzi imkanlı şəxslər ailəyə maddi yardım edib və onlar xəstəxanaya ödənişi tam həyata keçiriblər.

Onu da qeyd edək ki, xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. 10 aylıq Q. Dadaşzadə 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.