41
18:59
22 Yanvar 2016

Hazırladığı zibilqabıdan zövq alan xarrat - REPORTAJ

Mürvət Məmmədovun 47 yaşı var, Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayır. Beş ildir ki, özünə maraqlı məşğuliyyət tapan Mürvət əl qabiliyyəti sayəsində həm ailəsini dolandırır, həm də insanlara xidmət göstərir.

Uzun müddət Rusiyada evlərin dam örtüyünü quran Mürvət ailə vəziyyəti ilə əlaqədar Vətənə qayıdaraq burada sərbəst çalışmağa qərar verib. Evinin həyətində öz emalatxanasını yaradıb. Əsas peşəsi xarratlıq olan usta Mürvət ağac materialından və dəmir konstruksiyalardan istifadə etməklə maraqlı əl işləri - yellənən kreslolar, skamyalar, stol və stullar, quyu üstü, gülqabılar, zibilqabılar və digər müxtəlif məişət əşyaları hazırlayır: "Beş ildir xarratlıq sənəti ilə məşğul oluram. Hazırladığım məhsulları yol qırağına çıxarıb satıram".

Usta Mürvətin sözlərinə görə, xarratlıq sənəti ona Allah tərəfindən bəxş edilib. Fitri istedadı sayəsində ərsəyə gətirdiyi bu əşyaların hər biri əsl sənətkarlıq nümunələridir. Usta Mürvət alıcı sarıdan korluq çəkmədiyini, respublikanın müxtəlif şəhər və rayonlarından sifarişlər aldığını bildirib: "Alıcı sarıdan korluğum yoxdur. Yaxşı sifarişlər olur. Dolanışığımı rahat çıxarıram".

Ustanın alıcıları arasında Rusiya, Qazaxıstan və digər ölkələrdən respublikamızın cənub bölgəsinə istirahətə gələn turistlər çoxluq təşkil edir. Onun Ələt-Astara magistralının kənarında yerləşən evinin qarşısında hər gün onlarla maşın dayanır, müştərilər hazır məhsullardan alıb özləri ilə aparırlar.

Usta tələbata uyğun olaraq düzəltdiyi əl işlərinin qiymətlərini də özü müəyyən edir: "Hər malın özünəməxsus qiyməti var. Məsələn, stolun qiyməti 100 manat, zibil qabının qiyməti 40-50 manat civarında, quyu üstü 900-1000 manat, masa əsl sənət əsəridir deyə 1000-1500 manata satıram".

Təqdirəlayiq haldır ki, Usta Mürvət sənətinin sirlərini həm də övladlarına öyrədir. Onun 15 yaşlı qızı Aysel atasının yaxın köməkçisidir. 12 yaşından atasının işlərinə maraq göstərib, indi isə sərbəst surətdə bir çox sifarişləri özü yerinə yetirə bilir: "Sənətimi qızıma da öyrətmişəm. Onun özünün həvəsi var. Dedi ki, ata, səninlə işləmək istəyirəm, etiraz eləmədim. İndi sərbəst işləməyi bacarır, tapşırıqlarımı vaxtlı-vaxtında yerinə yetirir".

Aysel Məmmədova, ustanın qızı: "12 yaşımdan atamın sənətinə həvəs göstərmişəm. İndi həm sərbəst işləyir, həm də kiçik bacı və qardaşıma bu sənətin sirlərini öyrədirəm".

Qeyd edək ki, usta Mürvət həm də təbiət həvəskarıdır. Onun bağında çoxlu sayda ekzotik quşlar bəslənilir. Dediyinə görə, o, bu quşların bir qismini ayrı-ayrı rayonlardan alıb, bəzilərini isə dostlarından hədiyyə kimi qəbul edib: "Təbiət həvəskarıyam. Gördüyünüz kimi, bağımda qırqovullar, göyərçinlər, alman, Afrika növündən olan toyuqlar, çöl xoruzu var. Bala versələr, artıb-çoxalsalar, gələcəkdə çox güman ki, satacağam".

Usta Mürvət sənətinin övladları tərəfindən davam etdiriləcəyinə əmindir.