36
13:08
22 Yanvar 2016

Giresun Universitetində 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib

Türkiyənin Giresun Universitetində Bakıda gerçəkləşdirilən qətliam və Azərbaycan xalqının qəhrəmanlıq günü olan 20 yanvar hadisələri ilə bağlı tədbir keçirilib. APA -nın məlumatına görə, universitetin Tələbə Şurasının dəstəyi ilə Fənn Ədəbiyyat Fakültəsi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə universitet şəhərciyindəki Qafqaz İslam Ordusu Şəhidləri Abidəsi ziyarət edilib, abidə önünə qərənfil düzülüb və şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra universitetin konfrans zalında “20 yanvar Bakı qətliamı” adlı elmi konfrans keçirilib. Konfransda Giresun Universitetinin rektoru, professor Aygün Attar, Türkiyə Jandarma Qoşunları Region Komandanı general Mustafa Doğru, universitetin prorektorları, dekanlar, müəllimlər və tələbələr iştirak edib. Türkiyə və Azərbaycan dövlət himnlərinin oxunmasından sonra konfransda Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin müəllimi Araz Aslanlı məruzə ilə çıxış edib. Araz Aslanlı çıxışında 20 yanvar hadisələrini fərqli istiqamətlərdən dəyərləndirib, bu hadisələri Azərbaycanın qəhrəmanlıq tarixinin vacib bir mərhələsi kimi qiymətləndirib. O qeyd edib ki, 20 yanvar işğalçılıqla mübarizənin vacib bir yekunu, eyni zamanda müstəqilliyin dönülməzliyinin başlanğıcıdır. 20 yanvar hadisələri və qətliama cavab olaraq daha çox sayda insanın şəhidlərin dəfni mərasiminə toplanması göstərib ki, bundan sonra heç bir güc Azərbaycanın müstəqilliyini əlindən ala bilməyəcək.

Daha sonra çıxış edən Giresun Universitetinin rektoru Professor Aygün Attar Araz Aslanlıya təşəkkür edərək, Türk millətinin, 20 yanvar qətliamını heç bir zaman unutmadığını və unutmayacağını vurğulayıb. Professor Aygün Attar özünün də iştirakçısı olduğu o qəhrəmanlıq gecəsinə dair bəzi xatirələrini də konfrans iştirakçıları ilə bölüşüb.

Konfransın sonunda Türkiyə Jandarma Qoşunları Region Komandanı general Mustafa Doğru, çıxışından dolayı Araz Aslanlıya təşəkkürnamə təqdim edib.