69
12:45
22 Yanvar 2016

Gənc müğənni Etibar Alıyev: “Muğamı bilməyən ifaçıya ciddi müğənni kimi yanaşmıram”

“Musiqi ilə uşaq yaşlarından məşğulam. Musiqi məktəbində muğam sinfini bitirmişəm. Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Etibar Alıyev deyib.

Sənətə gəlməyində xalq artisti Faiq Ağayevin böyük rolu olduğunu bildirən gənc ifaçı, buna görə özünü şanslı hesab edir: “Faiq Ağayevlə tanışlığım kanalların birində keçirilən müsabiqə çərçivəsində baş tutdu. Münasibətlərimiz müəllim-tələbə çərçivəsindən dostluğa qədər böyüyüb. Hər hansı addımı atmazdan öncə mütləq Faiq bəylə məsləhətləşirəm. Hər bir gənc ifaçının ustad məsləhətinə ehtiyacı var”.

Müğənni qeyd edib ki, elə müsabiqədə iştirak etdiyi dönəmdə də uğurlu çıxışları ona çox kömək olub: “Müsabiqə dövründə Nailə Mirməmmədlinin bəstəsi olan, Faiq Ağayevin ifasında səslənmiş “Ayrılma məndən” mahnısını səsləndirmişdim. İfamın uğurlu olduğunu güman edirəm. Çünki Nailə xanım bu ifamı eşitdikdən sonra mənə mahnı hədiyyə edib. Həmin mahnını aranjemanı bitən kimi təqdim edəcəyəm. Digər yeni mahnı isə Tural Bakuvi və Ramal Rəsula məxsusdur”.

İlk klipi barədə məlumat verən gənc müğənni bildirib ki, lirik mahnıya çəkilən klipin mövzusu bir qədər dramatik ruhdadır: “İlk klipim sözləri və musiqisi Elvin Mirzəzadəyə məxsus olan “Yalvarıram” adlı mahnıya çəkilib. Bu mahnı mənim prodüserim Elvin Nəsibə təqdim olunub. Klipdə fiziki imkanları məhdud şəxsin sevgi hekayəsindən bəhs olunur. Süjetin xəttində də əsas məqsəd hansı vəziyyətdə olursa-olsun sevginin qorunmasının vacibliyi vurğulanır”.

Repertuara gəlincə müğənni bildirib ki, o, klassik mahnılara üstünlük verir: “Tofiq Quliyev, Rauf Hacıyev, Arif Məlikovun bəstələrinə müraciət edirəm, Rəşid Behbudov, Mirzə Babayev, Akif İslamzadənin repertuarından olan mahnıları ifa etmişəm. Muğamı da bilirəm və hesab edirəm ki, klassik mahnıları ifa edərkən belə muğamın çalarlarını bildirmək lazımdır. Ümumiyyətlə, muğamı bilmək lazımdır. Azərbaycan səhnəsində olan və muğamı bilməyən ifaçıya ciddi müğənni kimi yanaşmıram. Həm təhsil, həm də ifa baxımından buna diqqət etmək lazımdır”.