42
12:22
22 Yanvar 2016

Azərbaycanda 267 nəfərə vətəndaşlıq verilib

Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib. Lent.az DMX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. F.Nəbiyev bildirib ki, Xidmət ölkədə vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə işinin artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminəkompleks tədbirlərin icrasına start verib. Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib.

Hesabat dövründə müraciətlər əsasında 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb.

Xidmət rəisi “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icrası, readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reintiqrasiyası ilə bağlı işlər barədəsöhbət açıb.

Əldə olunan uğurların əsasını xidmətdə kadr siyasəti təşkil edir, deyən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri F.Nəbiyev məlumat verib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 28 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 248 əməkdaşın əməyi fərqləndirilib.

F.Nəbiyev dövlət başçısının Xidmətə göstərdiyi diqqət və qayğıının, əməkdaşların təltif edilməsi ilə bağlı imzaladığı sərəncamların, ötən ilin sentyabrında Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunu qəbulu zamanı DMX barədə söylədiyi fikirlərin kollektivdə böyük ruh yüksəkliyi ilə qarşılandığını bildirib və miqrasiya orqanları əməkdaşlarının minnətdarlığını ifadə edib.

Xidmət rəisi ötən il “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətinə toxunub.

Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə Azərbaycanın potensial imkanlarının kifayət qədər böyük olduğuna diqqət çəkən F.Nəbiyev xüsusi vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti həm 2016-cı ildə, həm də sonrakı dövrdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək əzmindədir.

Müşavirənin sonunda Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.